Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Aprelin 26-da Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının Qadınlar Şurası və 24 saylı şəhər poliklinikası YAP ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, təşkilatın aparat rəhbər Fərman Rəsulov, Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Nazim Fətullayev, 23 saylı şəhər poliklinikasının baş həkimi Şərəbanı Yusifzadə, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının oftalmoloqu Dürdanə Kəngərli və digərləri iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən danışıb.

O bildirilib ki, görkəmli alimin tədqiqat işləri nəinki respublikamızda, həmçinin ümumittifaq və dünya oftalmoloqları arasında böyük nüfuz qazanıb. Zəkiyyə Musayeva qeyd edib ki, oftalmologiyanın müxtəlif problemlərinə həsr olunan 140-dan çox elmi əsərin, o cümlədən 14 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtiranın, 12 səmərəli təklifin müəllifi olan görkəmli alimin əsərləri bu gün də göz həkimləri üçün dəyərli mənbədir.

23 saylı şəhər poliklinikasının baş həkimi Ş.Yusifzadə akademik Zərifə xanım Əliyevanın gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə böyük zəhmət sərf etdiyini vurğulayıb.

15 saylı Birləşmiş Şəhər Xəstəxanasının oftalmoloqu Dürdanə Kəngərli görkəmli alimin oftalmologiyanın inkişafındakı xidmətlərindən, dünya elminə verdiyi töhfələrdən söz açıb.

YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov oftalmoloq alim Zərifə xanım Əliyevanın hər kəsə nümunə olan həyat yolu, Azərbaycan və dünya tibb elmindəki böyük xidmətləri haqda danışıb.

Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Nazim Fətullayev Zərifə xanım Əliyevanın intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim olmaqla yanaşı, həm də qayğıkeş və mehriban ana, vəfalı ömür-gün yoldaşı olduğunu vurğulayıb.

Tədbirdə Zərifə xanım Əliyevanın həyatından, zəngin elmi və yaradıcılıq fəaliyyətindən geniş söhbət açılıb, daha sonra görkəmli alimə həsr olunmuş "Elegiya" filmi nümayiş olunub.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə