Həyətindən çıxardığı daşı küçəyə atdı, qiymətini biləndə isə... SƏS TV

Həyətindən çıxardığı daşı küçəyə atdı, qiymətini biləndə isə... SƏS TV

Oğuz rayonunda maraqlı hadisə baş verib. Rayonun Xal-Xal kənd sakini ağac əkmək istəyib və həyətində yer qazıb. Oradan isə böyük daş çıxıb. Firuz Abbasovun 1 metr dərinliyində qazdığı quyudan tapılan daşın çəkisi təqribən 500 kiloqrama yaxındır. O, daşa əhəmiyyət verməyərək qonşuların köməyi ilə texnika vasitəsilə götürüb küçəyə atıb. Yağış sularının daşın üzərində olan torpağı yumasından sonra isə maraqlı mənzərə ilə qarşılaşıb. Daş üzərində qədim zamanlarda insan əli ilə çəkilmiş qaya təsvirləri olduğu görünür. Daşda gəmi, ev, ağac və ox təsvir olunub. Ancaq ciddi araşdırılmaya ehtiyacı olan bu daşın tarixi və üzərində olan təsvirin nədən xəbər verməsini kənd sakinləri deyə bilmir. Sakinlərin sözlərinə görə, Xal-Xal kəndinin tarixi 300-400 ilə, bəlkə də xeyli öncəyə gedib çıxır. Ona görə də tapılan bu daşın hansısa bir tarixi hadisədən xəbər verəcəyi ehtimal olunur. Üzəri cizgili daşın aşkar olunmasından dərhal sonra kənd icra nümayəndəliyi hadisə yerinə gəlib və daşın fotoları çəkilib, aidiyyəti üzrə məlumat verilib.

Daşın geniş şəkildə tədqiq olunması üçün isə arxeoloji ekspedisiyanın gəlməsi vacibdir. İndi Firuz Abbasov küçədə qoyduğu qədim daşın üzərini bağlı saxlayır ki, kimsə zərər vurmasın və daş aşınmasın. Tariximizi bilmək, öyrənmək və qoruyub saxlamaq hər birimizin borcudur. Bəlkə də bu daş üzərində Oğuz elinin hansısa bir tarixi hadisəsi əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə