Sabunçuda qanvermə aksiyası keçirilib SƏS TV

Bu gün Sabunçu rayonunda Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə "Qan ver, yaşat" devizi altında ənənəvi qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi xəbərə görə, aksiyada rayonun bütün idarə və təşkilatlarının işçiləri, o cümlədən adi vətəndaşlar həvəslə və könüllü şəkildə qana ehtiyacı olanlara kömək məqsədilə iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcədən müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Daha sonra iştirakçılar növbəli şəkildə qan veriblər.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva bu aksiyanın təşkilatın qərargahında ənənəvi olaraq 9-cu dəfədir ki baş tutduğunu deyib: "Demək olar ki, bütün Sabunçu rayon əhalisi böyük ruh yüksəkliyi ilə aksiyaya qoşulublar. Burada əsgər, zabit anaları, onların yaxın qohumları da iştirak edirlər. Biz böyük fərəh hissi ilə belə humanist aksiyanı həyata keçiririk".

Qanvermədə iştirak edən insanlar üçün çay süfrəsi də təşkil olunub.

Qeyd edək ki, insanların kütləvi şəkildə axını olduğundan aksiya bir neçə saat davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə