Pirqulu stasionarındakı meteoroloji stansiya yenidən bərpa olunub.

Coğrafiya İnstitutunun Pirqulu stasionarındakı meteoroloji stansiya yenidən bərpa olunub. AMEA Coğrafiya İnstitutundan SİA-ya verilən xəbərə görə, aprelin 24-də institutun direktor, akademik Ramiz Məmmədov, institutun bir sıra əməkdaşları-ümumi işlər üzrə direktor müavini Anar Osmanlı, aparıcı elmi işçilər Məhərrəm Həsənov və Müseyib Yunusov Şamaxı rayonunda ezamiyyətdə olub. Onlar Pirqulu stasionarının müdiri, Çingiz Gülalıyev və stasionarın əməkdaşı Abbas İsmayılovla birgə Pirqulu Stasionarında əvvəllər fəaliyyət göstərmiş meteoroloji stansiyanın fəaliyyətini yenidən bərpa ediblər.

Stansiyada havanın temperaturu, nisbi və mütləq rütubəti, düz, səpələnən və əks olunan günəş radiasiyası, yer səthinin radiasiya balansı üzərində müşahidələr aparılacaq. Bundan başqa, torpaq səthinin təcili, maksimal və minimal temperaturları, torpağın 5, 10, 15 və 20 sm. dərinliklərində temperaturu, küləyin istiqaməti və sürəti də ölçüləcək. Təlimata uyğun olaraq, hər 3 saatdan bir, sutkada 8 dəfə olmaqla, meteoroloji müşahidələr aparılacaq.

Meteoroloji stansiya dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə yerləşir. Gələcəkdə isə burada avtomatlaşdırılmış meteoroloji stansiyanın qurulması nəzərdə tutulur. Burada meteoroloji müşahidələrin aparılması dağlıq ərazidə yerləşən meşə landşaftının mikroiqliminin öyrənilməsinə, ərazidə iqlim dəyişmələrinin izlənməsinə, landşaftda baş verə biləcək dəyişikliklərin qeydə alınmasına, biomüxtəlifliyin öyrənilməsinə böyük kömək göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə