Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, foruma beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri qatılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir belə mötəbər bir tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından, tədbirin rolunu xüsusi qeyd edən Əl-Nasir gənclərin bu işdə yaxından iştirakının əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, biz bu forum vasitəsilə daha da konkret hədəflərə, inklüziv cəmiyyətlərdə birgəyaşama, çağırış və məqsədlərə səmərəli nail olmaq arzusundayıq. Forumun keçirilməsində əsas məqsəd gənclərin bacarığını və biliklərini əhatəli şəkildə inkişaf etdirməklə yanaşı, birgəyaşayışda onların tam iştirakını təmin etməkdir. Gənclər bu gün katalizator rolunu oynayırlar və Asiya, Afrika, Avropa, Amerikadan olan gənclər bir arada mədəniyyət mübadiləsi zamanı ənənələri öyrənərək, sülhün bərqərar olmasına yardım edirlər. Gənclərin müxtəlif mədəniyyətlərlə tanışlığı zorakılığa, ekstremizmə "yox" deyir. Sivilizasiyalar Alyansı bu sahədə mühüm işlər görür, gənclərin bu prosesdə iştirakına dəstək üçün maliyyə fondu fəaliyyət göstərir. Tədbirin gənclərə aktiv fəaliyyətlərini daha da inkişaf etdirmək baxımından önəmini qeyd edən Nasir Əbdüləziz Əl-Nasir Gənclər Forumunun işinə uğurlar arzulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva iştirakçıları salamlayaraq, BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumunun qarşılılıqlı anlaşmanın və əməkdaşlığın beynəlxalq miqyasda təşviqində mühüm rol oynayacağına əminliyini bildirib.

Zəngin tarixə malik Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını qeyd edən Leyla Əliyeva vurğulayıb ki, Azərbaycan tarixi İpək Yolu üzərində yerləşən vacib məkanlardan biridir: "Ölkəmizin İpək Yolu üzərində yerləşməsi onun tarixinə, mədəniyyətinə güclü təsir göstərib. Coğrafi mövqeyi də onu dünyada məşhur edib. Ölkəmizin zəngin tarixi ilə bərabər həm də zəngin biomüxtəlifliyi və mədəni müxtəlifliyi var. Mən əminəm ki, siz-dünyanın müxtəlif ölkələrindən olan gənclər də bizim ölkəmizi sevəcəksiniz".

Sonra Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri olaraq, dünyada aclıq və digər mühüm problemlərə dair statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, FAO dünyada aclığın aradan qaldırılmasına çalışır və bu istiqamətdə fasiləsiz fəaliyyət göstərir: "Qida bizim mədəni identikliyimizin bir hissəsidir və mədəniyyətlərarası əlaqələrin, tolerantlığın və qarşılıqlı anlaşmanın vacib şərtlərindən biridir. Buna görə də, uzunmüddətli sabitliyə və sülhə nail olmaq üçün ərzaq təhlükəsizliyinin həlli çox mühüm əhəmiyyət daşıyır".

2011-ci ildə IDEA-ətraf mühitin qorunması naminə beynəlxalq kampaniyaya başlandığını qeyd edən Leyla Əliyeva vurğulayıb ki, bizim əsas məqsədimiz enerji və biliklərimizi güclü alətə çevirərək, ətraf mühit məsələsini həll etməyə çalışmaqdır. Biz gələcək nəsillər üçün yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmağa çalışırıq. Planetin mühafizəsində gənclər artıq daha mütəşəkkil qaydada, könüllü olaraq, kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışırlar.

Son beş ildə ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq-IDEA kampaniyası çərçivəsində Azərbaycanda görülən işlərdən danışan Heydər Əliyev Fondunun vitse-prezidenti bu müddətdə beş milyondan çox ağac əkildiyini diqqətə çatdırıb: "Bütün layihələrə yaradıcı, maraqlı, kreativ fikirləri cəlb etmişik. 2015-ci ildə Londonda sərgi keçirmişik. Venesiyada təşkil olunan "Vita Vitale" sərgisinin ideyası təbiətin mühafizəsi ilə sıx bağlı idi. Qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu sərgidə milyonlarla insanlar iştirak edərək, planetdə ətraf mühitin korlanmasının qarşısının alınmasına çalışırlar. Son illər bizdə-Azərbaycanda nəsli kəsilməkdə olan heyvanları qorumağa çalışırıq. Bura bəbir, ceyran, qartal və digərləri aiddir".

Leyla Əliyeva daha sonra əlavə edib: "Hörmətli gənc dostlar! Çağdaş cəmiyyət bu gün böyük sınaqlar ərəfəsindədir. Bizim taleyimiz saatlarla, dəqiqələrlə ölçülür. Hər 15 dəqiqədə bir fil həlak olur və insanlar tərəfindən hər saat minlərlə köpək balıqları öldürülür. Biz elə bir zamana gəlib çata bilərik ki, bəzi heyvanların nəsli tamamilə kəsilə bilər. Mən hamınıza minnətdaram ki, sizlər bu fəaliyyətdə aktiv iştirak edirsiniz. Bu forum həddən artıq böyük bir əhəmiyyətə malikdir. Çünki, biz öz ürək sözlərimizi və fikirlərimizi çatdıra bilirik. Bu gün artıq fəaliyyət göstərməyin vaxtı çatıb. Arzu edirəm ki, hər biriniz öz təbiətinizi sevib qoruyasınız".

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşmasının qarşıda duran problemlərin həlli baxımından, mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, ölkəmiz gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir: "Bu il Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə "Avropa Gənclər Paytaxtı" seçilib. Ölkəmizdə həmçinin, digər beynəlxalq tədbirlər, o cümlədən, skautların forumu da təşkil edilir. Bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir".

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldığını diqqətə çatdıran nazir bildirib ki, fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir.

Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini deyən A.Rəhimov dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulmasının sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyi də ciddi təhdidə çevirdiyini vurğuayıb.

Nazir tədbir iştirakçılarına müraciət edərək, onların ölkəmizdə olduqları müddətdə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış olacaqlarına, forumda gənclərin irəli sürəcəyi təşəbbüs və təkliflərin isə dünyada mövcud problemlərin həllinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Açılış nitqlərindən sonra tədbirdə iştirak edən gənclər xatirə şəkilləri çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə