Təhsil Mərkəzi Mingəçevir Regional Ofisi strategiyasını genişləndirir

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin idarə heyətinin növbəti iclası keçirilib. Təhsil Mərkəzindən SİA-ya verilən məlumata görə, iclasın gündəliyinə Ofisin 2016-cı ilin ilk rübündə gördüyü işlərin hesabatlılığı, gələcək planlar, yay mövsümündə görülməsi nəzərdə tutulan layihələrin icrası, bir sıra klubların yaradılması və digər məsələlər daxil edilib.

İclası giriş sözü ilə açan İdarə heyətinə sədrlik edən ofisin direktoru Tural Kərimov, 2016-cı ilin ilk rübündə görülmüş işlər və qazanılmış uğurlar barədə məlumat verib. O bildirib ki, Mərkəzdə təşkil edilmiş müxtəlif təlim və seminarlarda 860 nəfər, peşəyönümlü kurslarda 340 nəfər, klubların fəaliyyətində 180 nəfər iştirak etmiş, 150 nəfər məsləhət xidmətlərindən, 370 nəfər kitabxana xidmətində yararlanmış, çoxlu sayda istedadlı gəncin iştirak etdiyi 3 sərgi və 1 festival təşkil olunub. Göstərilənlərlə yanaşı gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində 1 maarifləndirici aksiya, 2 idman yarışı təşkil olunmuş, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və intellektual səviyyələrinin artırılması məqsədilə yarış və müsabiqələr keçirilib.

Ofisin idarə heyətini üzvləri də çıxış edərək, gənclərin maraq dairəsində olan və gələcəkdə Mərkəzin həyata keçirə biləcəyi bir sıra işlər barədə fikirlərini bölüşmüş, maraq doğuran məsələləri müzakirə ediblər.

T.Kərimov Mərkəzin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən "Region gənclərinin inkişafına dəstək" adlı layihəsinin icrası ilə əlaqədar digər regionlarla yanaşı, Mingəçevir şəhərində görüləcək bir sıra fəaliyyətlər barədə təqdimat edərək, əməkdaşlar arasında vəzifə bölgüsünü aparıb.

Daha sonra Ofisin növbəti rüb üçün iş planı təsdiq olunmuş, eyni zamanda gənclərdən daxil olan çoxsaylı müraciətlərə əsasən yay mövsümündə Ofisin fasiləsiz fəaliyyət göstərilməsi barədə qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə