“Saxta erməni soyqırımının növbəti ifşası” dəyirmi masa

Bu gün AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu "Saxta erməni soyqırımının növbəti ifşası" mövzusunda "Dəyirmi Masa" keçirib. SİA xəbər verir ki, tədbirin giriş hissəsində Azərbaycan və Ermənistan tarixinin qadağan edilmiş tarixçəsi barədə "AZER-GLOBE" İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi, ATV telekanalı və AMEA İnsan Hüquqları üzrə Elmi - Tədqiqat İnstitutununn birgə istehsalı olan film iştirakçılara təqdim olunub. Filmdə Rusiya və erməni siyasətçilərinin, alimlərin fikirləri, həmçinin ilk dəfə Rusiyanın, Türkiyənin və Gürcüstanın arxivlərindən Azərbaycanın tarixi ilə bağlı nadir sənədlər təqdim edilib. Həmçinin filmin seyirciləri ermənilərin Qafqaza nə vaxt, haradan və necə gəldiklərini tarixi faktlar əsasında izləyiblər.

Tədbirdə çıxış edən AMEA İnsan Hüquqları üzrə Elmi - Tədqiqat İnstitutunun ekspertləri ; Rizvan Hüseynov, Anar İsgəndərli, Abbas İslamov və digərləri öz çıxışlarında məşhur Amerikalı siyasətçi Bryus Feinin, ABŞ-ın ali komissarı admiral Mark Bristolun, Britaniyalı siyasətçi və hərbiçi admiral Kolbi Çesterin məruzələrinə, o cümlədən dünyanın nüfuzlu alimləri olan Stenford Şounun, Castin Makkartın, Prinston Universitetinin professoru Hitom Lourinin, Britaniyalı tarixçi professor Norman Stounun, Amerikalı professor Günter Levinin, Türkiyəli alim Mehmet Perincəkin tədqiqatlarına söykənərək, tutarlı arqumentlər gətirib, faktlar əsasında növbəti dəfə erməni soyqırımının əslində cəfəngiyyatdan başqa bir şey olmadığı qənaətinə gəliblər.

Daha sonra çıxış üçün söz alan natiqlər Ermənistanın əsrlərdən bəri torpaqlarımıza davam edən işğalçı siyasətindən, onların bizlərə vurduğu maddi və mənəvi ziyanların dərəcəsinin ölçüsüzlüyündən, beynəlxalq erməni terrorunun törətdiyi vəhşiliklərdən söz açaraq bütün bu törədilən cinayətlər haqqında yetişməkdə olan nəsillərin marifləndirilməsinə, onlarla bu istiqamətdə təbliğatların aparılmasına böyük önəm verilməli olduğunu bildiriblər. Onlar öz çıxışlarına əlavə olaraq bildirib ki, əslində soyqırım gerçəkliyi budur və dünya ictimaiyyəti obyektivliyi qorumalıdır.

Müzakirələr zamanı ermənilərin onlara qarşı törədildiyini iddia etdikləri qondarma soyqırım cəfəngiyyatının heç bir tarixi sənədə əsaslanmadığı əksinə, hətta erməni alimlərinin özlərinin bu faktları aşkarlamadıqları faktlarla sübut olunub, Ermənistanın Azərbaycana qarşı təcavüzü, beynəlxalq təşkilatlar, soyqırımın pislənməsində qeyri-hökumət təşkilatlarının rolu ilə bağlı problemlərin bir sıra aspektləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə müxtəlif təşkilatlardan olan yüksək səviyyəli şəxslər, müxtəlif qurumların nümayəndələri, ekspert və tədqiqatçı alimlər, həmçinin gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə