“Dahilər ölmür” Şekspir-400

Azərbaycan Dillər Universitetində (ADU) Uilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunan "Dahilər ölmür" adlı tədbir keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının və "Sönməz məşəl" mədəni əlaqələr İctimai birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ADU-nun professor-müəllim heyəti, tələbələr, o cümlədən Nəsimi rayonu 35 saylı tam orta məktəbin müəllim və şagirdləri də iştirak ediblər.

Öncə Avropa teatr və sənətinin, ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan U. Şekspirin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olunub, eyni zamanda universitetin Filologiya və jurnalistika fakültəsinin tələbələri onun sənətinin ölməz örnəklərindən olan "Romeo və Cülyetta", "Otello" əsərlərindən səhnəciklər, həmçinin bir neçə sonet və tərcümələrini səsləndiriblər.

Sonda Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova tədbiri yüksək qiymətləndirərək, bu tədbirin ərsəyə gəlməsində universitet rəhbərliyi başda olmaqla əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...