Ekspert: "Sürücülərin çoxu formal təhsil alır" AÇIQLAMA

"Sürücülük vəsiqələrinin verilməsi tədris prosesidir. İnsanlar burada təhsil alır, sonra imtahan verib vəsiqə alırlar. Bəli, buna əsaslanıb deyə bilərik ki, yeni yaranmış Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirə bilər". Bu fikirləri SİA-ya açıqlamasında ekspert Elməddin Muradlı deyib.

Ekspert bildirib ki, bununla bağlı bəzi suallar hələ ki açıqdır: "Məsələ burasındadır ki, sürücülük vəsiqələri üçün hər gün imtahan verilir. Mərkəz bunu necə edəcək yaxud da buna maddi-texniki baza yarada biləcəkmi? Ümumilkdə yanaşsaq görərik ki, imtahan Baş Dövlət Yol Polisinin iştirakı olmadan mümkünsüzdür. Gələcəkdə Dövlət İmtahan Mərkəzi Dövlət Yol Polisi ilə daha mükəmməl variant hazırlaya bilərlər. Bildiyiniz kimi, sürücülük vəsiqəsi üçün imtahan iki mərhələdən ibarətdir: nəzəri və təcrübi imtahanı. Nəzəri imtahan hissəsini Mərkəz, təcrübi imtahan hissəsini isə DYP qəbul edə bilər. Bunları sistemləşdirilə bilsə, heç bir problem olmayacaq. Dünyanın bəzi ölkələrində bu işi yol polisi görmür. Elə ölkələr var ki, sürücülük vəsiqələrini qeyri-hökumət təşkilatları, özəl şirkətlər, müəssisələr verir amma buna nəzarət elə ciddidir ki, orada kimsə öz qohumuna, tanışına vəsiqəni düzüb-qoşa bilməz. Bizim ən böyük bəlamız odur ki, bu gün sürücülərimizin əksəriyyəti sürücülük məktəblərində formal olaraq təhsil alır. Yəni ki, adları məktəbdə gedir, özləri yoxdur. Çıxıb sorğu keçirin görək o adamlar heç bilirlərmi ki hansı məktəbdə oxuyub? Həmin məktəbin ünvanı haradır?".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...