Pirallahıda hər kəs əsgərlərə qan verdi! SƏS TV

Manaf Manafov: “Hər bir YAP üzvü Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşib”

Bu gün 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Donor günü" keçirilib. SİA-nın məlumatına görə, aksiya YAP Pirallahı rayon təşkilatının tədbirlər llanına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib. İlk öncə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının tibbi heyəti partiyanın könüllülərini müayinədən keçirdi və sağlamlığı donor olmağa imkan verən şəxslərin qanları götürüldü. YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov tədbirin keçirilməsində əsas məqsədin son aprelin 2-5-i ərəfəsində cəbhə xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində yaralanmış əsgərlərimizə qan vermək olduğunu nəzərə çatdırıb. Sədr bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan silahlı qüvvələri qəsb etdikləri sahələri nəzarətdə saxlamaq məqsədilə mütəmadi olaraq təxribat xarakterli addımlar atırlar: "Belə addımlardan biri də cari il aprel ayının əvvəllərində qeydə alındı. Belə ki, diplomatiya sahəsində uduzduqlarını dərk edən Ermənistanın siyasi hakimiyyəti xalqı azdırmaq üçün atəşkəs rejimini pozmağa start verdi. Azərbaycanı təxribata sürükləyərək onun beynəlxalq imicinə zərbə vurmaq niyyəti güdən erməni ideoloqlarının bütün cəhdlləri puça çıxdı. Nəticədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edildi".

Rayon təşkilatının sədri həmçinin bildirib ki, ordumuz düşmənə malik olduğu dünyanın ən müasir silahlarından mükəmməl istifadə etmə gücünü göstərdi: "Nəricədə bir sıra mümühm strateji məntəqə və yüksəklilərimiz düşmən tapdağından azad olundu. Bu, hərbdə çox vacib məsələlərdən biridir. Bir daha sübut olundu ki, Azərbaycan ordusu dünyanın aparıcı ordularından biridir. Artıq ermənilərin çıxış yolları qalmayıb". Manaf Manafov onu da bildirib ki, keçirilən aksiya yaralı əsgərlərimizə, qana ehtiyacı olan hərbçilərimizə dəstəkdir: "Bu gün hər bir YAP üzvü Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşib. Onun bir əmri yetər ki, bizlər vahid xalq gücü kimi doğma torpaqlarımızı düşmən tapdağından azad edək. Biz bu vəhdəti indi də görürük. Bir çağırışımızla, bir təşəbbüsümüzlə yüzlərlə insan qan vermək üçün bizə dəstək göstərdilər".

Sədr son olaraq onu da qeyd edib ki, önəmli aksiyaya hazırlıq işləri öncədən başlayıb: "Belə ki, aksiya ilə əlaqədar rayonun idarə və müəsisələrində, partiya ilk ərazi təşkilatlarında çalışanlarla fərdi qaydada söhbətlər aparılıb, qanvermənin insan orqanizmi üçün faydalarından danışılıb. Bu cür humanist aksiyalara partiyamızın fəal üzvləri daim dəstək olub və bu gün də dəstəyin şahidi oluruq. İnsanlar səhər saatlarından etibarən xəstəxanaya axışaraq qanvermə aksiyasında iştirak etməyi özlərinin mənəvi borcu hesab etdiklərini dilə gətirirlər".

Qanvermə aksiyasında iştirak edən rayon sakinləri bu cür ideyaları dəstəklədiklərini və aksiyaya qoşulmaqdan qürur hissi duyduqlarını vurğulayıblar.

Qeyd edək ki, aksiyada ümumilkdə 300 nəfərdən çox insan iştirak edir. Toplanan qan Mərkəzi Qan Bankına təhvil veriləcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə