“Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda konfrans keçirilib

“Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda konfrans keçirilib

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində "Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas" mövzusunda elmi-praktik konfrans keçirilib.

SİA-nın xəbərinə görə, Nizami rayonundakı 201 nömrəli tam orta məktəbdə keçirilən konfransda layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb. O, bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: "Azərbaycan xalqı dünya tarixində ən qüdrətli şəxsiyyətlər yetişdirmiş bir xalqdır. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışdır".

Tarixçi-alim qeyd edib ki, Vikipediya ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur.

Y.Mahmudov Səfəvi hökmdarı Şah Abbas (1587-1629) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O, bildirib ki, Şah Abbas Səfəvi imperiyasının tarixi torpaqlarını geri qaytarmaq üçün qalibiyyətli müharibələr apardığından Səfəvilərin hərbi-siyasi tarixini, xüsusilə Azərbaycan Səfəvi döyüşçülərinin cəngavərlik tarixini və xalqımızın hərbi sərkərdəlik keçmişini öyrənmək üçün "Tarixe-aləmaraye-Abbasi" əsəri misilsiz ilk mənbədir.

"Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi", - deyə AMEA-nın müxbir üzvü qeyd edib.

Yaqub Mahmudov çıxışında bildirib ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir: "Şagirdlər, Müstəqil Azərbaycanın gələcəyi sizlərin əlindədir".

İnstitut direktoru qeyd edib ki, Ağqoyunlu və Səfəvi dövlətlərinin bütün tarixi ərzində Qərbi Avropa ölkələri ilə ən geniş əlaqələr Uzun Həsəndən sonra, bir də Şah Abbasın hakimiyyəti illərində yaradılıb.

Tarixçi-alimlər tərəfindən konfransda vurğulanıb ki, Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Azərbaycan Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparıblar.

Şah Abbasa həsr olunmuş konfransda daha sonra layihənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Şahin Fazil, Zabil Bayramlı, Dilavər Əzimli, Mübariz Ağalarlı, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, 201 nömrəli tam orta məktəbin direktoru Süsən Salmanova və başqaları çıxış ediblər.

Qeyd edək ki, "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində layihə çərçivəsində Ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Şah Təhmasib Səfəvi və Tomirisə həsr olunmuş konfranslar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə