Səbail Çernobılçılarından PROTEST

Çernobıl qəzasının 30-cu ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş səbaillilər dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Ermənistan dövlətini işğalçı kimi pislənməsi və Ermənistandakı "Metsamor" AES-nın bölkə üçün ciddi təhlükə və regionda yaşayan insanlar üçün yeni texnogen qəza mənbəyi olduğundan dərhal bağlanılması tələbi ilə müraciət etdilər. SİA xəbər verir ki, bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüşü keçirilib. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçı Eldar Əzizov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüblər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalaraq səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 30 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.

Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılmış, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 3 nəfər minik avtomobili ilə təmin olunub, 40 nəfər sanatoriyaya göndərilib, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılıb.

Çernobıl qəzasının ləğvində iştirak etmiş səbaillilər dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Ermənistan dövlətini işğalçı kimi pislənməsi və Ermənistandakı "Metsamor" AES-nın bölkə üçün ciddi təhlükə və regionda yaşayan iinsanlar üçün yeni texnogen qəza mənbəyi olduğundan dərhal bağlanılması tələbi ilə müraciət etdilər. Birgə bəyanat imzalanaraq KİV-nə göndərildi.

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...