Qanunsuz ağac kəsənlərin cəzası sərtləşdiriləcək RƏSMİ

Qanunsuz ağac kəsənlərin cəzası sərtləşdiriləcək RƏSMİ

"Ətraf mühit varsa, demək ona müdaxilələr də var. Hava sahəsində, su sahəsində çirklənmələr mövcuddur. Texnologiyanın inkişafı zavod və fabriklərin fəaliyyətinə imkan yaradır ki, bu da havanın çirklənməsinə səbəb olur. Lakin müstəqillik əldə etdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində idarəetmə tamamilə dəyişilib". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

"Azərbaycanda Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu tikilir"

Onun sözlərinə görə, müstəqillik əldə edildikdən sonra ölkəmizdə bir çox zərərli zavod və fabriklərin fəaliyyəti dayandırılıb, fəaliyyət göstərən müəssisələrdə hava təmizləyici qurğuların təchizatı yaxşılaşdırılıb: "Azərbaycanda su hövzəsinin çirklənməsi ilə əlaqədar təmizləyici qurğular faəliyyət göstərir. Hazırda Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu tikilir ki, bu cür sulardan yaşıllığın salınması istiqamətində səmərəli istifadə etmək mümkün olacaq. Bundan əlavə, Azərbaycanda yeni texnoparkların yaradılması işi sürətlə həyata keçirilir. Eyni zamanda ölkəmizdə tullantıların idarə olunmasında da irəliləyişlər var. Artıq Balaxanı zibilxanasında tullantılar çeşidlənərəkyandırılır və yandırılmadan əldə edilən elektrik enerjisi istehsal edən zavod da tikilir. Bütün bunları müsbət qiymətləndirmək lazımdı. Həmçinin ölkəmizdə insanların içməli suya olan tələbatı ilə əlaqədar bulaqlar tikilir".

"Azərbaycanda meşə sahəsi 0,4 faiz artıb"

Ölkəmizdə meşələr sahəsində də ciddi işlər görüldüyünü deyən sektor müdiri bildirib ki, hazırda Azərbaycanda meşə sahəsi 0.4 faiz artıb: "Meşə əkini, bərpası və qorunması ilə bağlı məsələlərə nəzarət daha da gücləndirilib. Ölkəmizdə milyonlarla ağac və kollar əkilib. Xüsusən də Hacıqabul, Quba, Salyan, Şamaxıya gedən yollarda geniş şəkildə yaşıllıqlar salınıb".

"Qanunsuz ov edənlər 1000-2000 manat məbləğində cərimə olunur"

Azərbaycanda ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı ciddi tədbirlər görüldüyünü deyən R. Mirzəyev söyləyib ki, tələbləri pozanlar üçün İnzibati Xətalar Məcəlləsində kifayət qədər maddələr nəzərdə tutulub: "Azərbaycanda bütün təbii sferalar- su, hava, heyvanat aləmi, torpaq, yerin təki üzrə qanunvericilik bazası mövcuddur. Bundan əlavə, ölkəmizdə "Ovçuluq", "Heyvanat aləmi bazası haqqında" da qanunvericilik bazası mövcuddur. Qanunsuz ov edən hər kəs 1000-2000 manat arasında cərimə olunur. O cümlədən yaşıllıqla bağlı cərimələr də var ki, qanunsuz ağac kəsən fiziki və ya hüquqi şəxs barəsində cərimələr tətbiq olunur".

"Qanunsuz ağac kəsimi ilə bağlı yeni qaydalar hazırlanır"

ETSN rəsmisi vurğulayıb ki, hazırda qanunsuz ağac kəsimi ilə bağlı yeni qaydalar hazırlanır: "Azərbaycanda "Yaşıllıqların mühafizəsi haqqında" qanun qəbul olunub ki, həmin qanuna müvafiq olaraq qanunsuz ağac kəsimi ilə məşğul olanlara qarşı daha sərt tədbirlərin həyata keçirilməsi ETSN tərəfindən yeni qaydalar hazırlanır. Qaydaların bir qismi artıq hazırdır".

"İnsanların yaşıllığı olan münasibəti dəyişib"

R. Mirzəyev qeyd edib ki, Azərbaycanda yaşıllığın pozulması halları digər illərə nisbətən azalıb: "Artıq ölkəmizdə insanların yaşıllığa olan münasibəti və müdaxilələri dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu cür halların qarşısının alınması üçün yalnız cərimə tətbiq etməklə kifayətlənmir, eyni zamanda ekoloji maarifləndirmə işləri, mütəmadi monitorinqlər aparır. Bundan əlavə ETSN dövlət qurumları qarşısında ciddi məsələlər qaldırır ki, bunun da nəticəsində ölkəmizdə digər illərlə müqayisədə həm yaşıllığa münasibət dəyişilib, həm də yaşıllığın pozulması faktları xeyli azalıb. Ümumiyyətlə, hər kəs mövcud qanunların tələblərinə riayət etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə