Mayın 9-dan etibarən AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə bütün sərnişinlərə pulsuz isti yemək veriləcək. AZAL-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə qidalanma AZAL-ın klassik reyslərindəki analoji menyudan bir qədər fərqli olacaq. AZALJET sərnişinlərinə isti yemək (seçimə görə toyuq və mal əti yeməyi), çörək, şirə, su, çay və ya qəhvə təklif olunacaq. Əgər uçuş səhər yerinə yetirilirsə, o zaman sərnişinlərə səhər yeməyi təklif olunacaq.

Bundan əlavə, sərnişinlərin əvvəlki kimi kassada aviabilet bronlaşdırarkən fərqli və daha yaxşı isti yemək çeşidləri sifariş etmək, eyni zamanda təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı olacaq.

Həmçinin, mayın 9-dan başlayaraq bütün AZAL və AZALJET aviareyslərində əl yükünün daşınmasına icazə verilən çəkisi 8 kq-dan10 kq-a kimi artırılacaq. Əl yükünün ölçüləri 55x35x20sm-dən çox olmamalıdır.

"AZALJET aviareyslərində pulsuz qidalanma və aviaşirkətin bütün reyslərində əl yükünün icazə verilən çəkisinin artırılması barədə qərar sərnişinlər üçün daha çox rahatlıq imkanı yaratmaq, həmçinin bu seqmentdə daşımalarımızın rəqabət qabiliyyətinin artırılması məqsədilə qəbul edilmişdir. Bir qayda olaraq, digər aşağı büdcəli aviadaşıyıcılar təyyarə göyərtəsində yeməyi yalnız əlavə ödəniş müqabilində verirlər. Biz sərnişinlərimizə uçuş zamanı maksimum rahat şərait yaratmaq istəyirik və bu istiqamətdəki işi davam etdirəcəyik", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.

Hazırda AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə reyslər yerinə yetirilir. Bu istiqamətlərə Moskva, İstanbul, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir.

AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün vergi və yığımlar daxildir.

Qeyd edək ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur.

Bütün xəbərlər Facebook səhifəmizdə