Nəsimi rayonunda akademik Zərifə Əliyevanın xatirəsi anılıb FOTOLAR

Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi tamam olur.

SİA-nın məlumatına görə, görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar yubileylə bağlı idarə və təşkilatlarda görkəmli alimin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər təşkil olunub. Yubiley tədbirləri çərçivəsində rayonun orta məktəblərində, görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunan "Azərbaycan qadını" və "Ana - müqəddəslik zirvəsidir" mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, şagirdlərin rəsm əsərləri sərgiləri, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Elmi kitabxanasında Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Alimlər Evinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "İnsanlara nur bəxş edən alim" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Bildirilib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən birini də peşə oftalmologiyası təşkil edib. Alim dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoyub.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Ümummilli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Daha sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirib. Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, bu xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində böyük xidmətlər göstərib.

Tədbirin sonunda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin IV kurs tələbələri Əli Əliyevin və Eldəniz Ələkbərzadənin ifasında Zərifə Əliyevaya iltifat etdiyi musiqilər səsləndirilib.

Tədbirdə Milli Məclisin deputatları, AMEA-nın və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə