“İxtiraçılıq sahəsində nailiyyətlərə görə” III Respublika Müsabiqəsi

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "İxtiraçılıq sahəsində nailiyyətlərə görə" III Respublika Müsabiqəsi Komissiyasının ilk iclası keçirilib. Komitədən SİA-ya verilən xəbərə görə, iclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov hər il keçirilən bu müsabiqənin əhəmiyyətindən danışıb. Komitə sədri bildirib ki, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Rəqabətqabiliyyətli və innovativ sənayeni müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirən R.Həsənovun sözlərinə görə, sənayenin rəqabətqabiliyyətliliyi artıq o qədər də investisiyaların həcmiylə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir.

Əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunun günbəgün artdığını qeyd edən komitə sədri, əqli mülkiyyət hüquqlarının ixtiraçıya və ya elmi-araşdırma mərkəzlərinə yaradıcı intellektual fəaliyyətdən mənfəət əldə etməyə imkan yaradan mexanizm olduğunu vurğulayıb: "İxtiraçıların, patent sahiblərinin müvəffəqiyyəti onların əqli mülkiyyət obyektlərinin təsərrüfatda, sənayedə tətbiq olunmasından asılıdır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bunun əyani sübutudur".

İxtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən "İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin rolunu komissiya üzvləri də yüksək qiymətləndiriblər.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədov, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri, professor Rafiq Hüseynov və digərləri müsabiqəyə təqdim olunan patentlərlə tanış olduqlarını, onların sırasından sənayedə tətbiq imkanları daha aktual olanların seçiləcəyinə əminliklərini bildiriblər.

Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov qeyd edib ki, müsabiqə ilə bağlı 7 mart 2016-cı il tarixli elana uyğun olaraq, sənəd qəbulu 9 aprel 2016-cı il tarixində başa çatıb. Ümumilikdə müsabiqə komissiyasına 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti barədə müraciət daxil olub. Patentlər arasında "İlin Patenti" nominasiyası ilə yanaşı, II, III yerlər üzrə də qaliblər müəyyən edilərək təqdimetmə mərasimində təltif ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə