“Bütün tərəfləri beş bəyanatda əksini tapan təkliflər əsasında siyasi iradə göstərməyə çağırırıq”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi üzrə yazılı bəyanat qəbul olunub. Bəyanata imza atan 44 AŞPA deputatı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativin olmadığına əminliklərini bildiriblər və tərəfləri vasitəçilərin daimi çağırışlarına hörmət etməyə, onların mandatını dəstəkləməyə və davam etməkdə olan danışıqları çətinləşdirməməyə çağırıblar.

"Biz bütün tərəfləri həmsədr ölkələr - Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən başlayaraq prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapan təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırırıq", — deyə bəyanatda bildirilir.

AŞPA-nın yaz sessiyası aprelin 18-də başlayıb. Avropa Şurası bəzi hallarda Azərbaycana qarşı qətnamələrin qəbul edilməsinə cəhd edib. AŞPA-nın qış sessiyasında Böyük Britaniyadan olan məruzəçi Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabatı lehinə 66, əleyhinə 70 nəfər, bitərəf 45 nəfər olmaqla qəbul olunmamışdı.

Amma təşkilat cəbhə xəttində baş verən hərbi əməliyyatlar zamanı rəsmi Bakıya öz dəstəyini ifadə edib. Avropa Şurasının sədri Pedro Aqramunt rəsmi İrəvana işğal olunmuş Azərbaycan torpaqlarını tərk etmək üçün çağırış edib. Aqramunt Dağlıq Qarabağda zorakılıq hallarının çoxalmasına və mülki əhalinin ölümünə görə təəssüfləndiyini qeyd edib.

"Atəşin dərhal dayandırılması və münaqişənin sülh yolu ilə həll olunması üçün tərəfləri dialoqa çağırıram", – deyə bəyanatda bildirilir.

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səy göstərəcəklərinə dair öhdəlik götürdüklərini deyən Aqramunt hər iki ölkəyə zorakılıq hallarından uzaq olmaq istiqamətində çağırış edib. AŞPA sədri həmçinin Azərbaycan tərəfinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərarının da sevindirici hal olduğunu vurğulayıb.

Pedro Aqramunt Ermənistandan, BMT TŞ-nin işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmaq barədə qətnaməsinə riayət etməyi tələb edib.

"Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsiz Şurasının qətnaməsinə uyğun olaraq Ermənistandan, işğal olunmuş Azərbaycan torpaqlarından çıxmağı tələb edirəm", – deyə bəyanatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə