Azərbaycanlılar Praqada aksiya keçirilib Foto

Praqanın mərkəzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib. Azərbaycanın Çexiyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, aksiya Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə keçirilib.

Çexiya Prezident sarayının qarşısında keçirilən aksiyada Azərbaycanlı gənclər tərəfindən Ermənistanın işğalçı hərəkətlərini pisləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağıran, işğalçı Ermənistan qoşunlarının ölkəmizin ərazisindən çıxarılmasını və işğala son qoyulmasını tələb edən şüarlar səsələndirilib.

Sülhməramlı aksiya zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü, xüsusilə cari ilin aprel ayının əvvəllərində Ermənistan qoşunlarının təmas xətti boyunca təxribat xarakterli hücumları, Azərbaycan mövqelərinin atəşə tutulması, xüsusilə dinc sakinlərimizin qətlə yetirilməsi haqqında müvafiq məlumat vərəqləri yerli sakinlər və turistlərə paylanılıb.

Sülhməramlı aksiya ilə bağlı Çexiya prezidentinə ünvanlanan petisiya tərtib edilib və aksiya iştirakçıları tərəfindən imzalanıb.

Sülhməramlı aksiya Azərbaycanlı tələbə və gənclər tərəfindən ölkəmizin himninin oxunması ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə