Təkrar seçkilərlə bağlı MSK-nın iclası keçirilib

Təkrar seçkilərlə bağlı MSK-nın iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasında Azərbaycan Respublikası Prezidentin müvafiq sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə AR Milli Məclisinə təkrar seçkilərin keçirilməsi ilə bağlı iclas keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclası açıq elan edən MSK sədri Məzahir Pənahov yeni seçilmiş tərkibdə ilk iclasın keçirildiyini bildirib. Qeyd olunub ki, əvvəllər olduğu kimi bu tərkibdə də uğurlu iş fəaliyyətlərini davam etdirəcəklər.

İclasın gündəliyi barədə danışan MSK-nın katibi Arifə Muxtarova 90 saylı Ağdaş seçki dairəsi üzrə AR Milli Məclisinə təkrar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvimlər Planını açıqlayıb.

2016-cı il iyunun 18-ə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması barədə məlumat verən katib 9 nəfər MSK-nın, digər 3 nəfər isə müvafiq seçki dairəsi nəzdində olmaqla 12 nəfərdən ibarət ekspert qrupu yaradılması təklifini verib.

Eyni zamanda təkrar seçkilərlə bağlı MSK nəzdində işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi barədə çıxış edən Arifə Muxtarova Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi ,Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Hesablama Palatası, Dövlət Reyestr Xidmətinin ekspertlərindən ibarət işçi qrupu yaradılmasını da irəli sürüb.

Plan səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə