IDEA BMT-nin statusunu əldə edib

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 13 aprel tarixində keçirilmiş iclasında IDEA-nın ECOSOC-a üzvlük məsələsinə baxılıb, onun milli, regional və beynəlxalq səviyyədə reallaşdırdığı təşəbbüslər nəzərdən keçirilib və yekdilliklə qəbul edilmiş qərara əsasən IDEA İctimai Birliyinə ECOSOC yanında "xüsusi müşahidəçi" statusu təqdim edilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, müşahidəçi statusu IDEA İctimai Birliyinə BMT-nin müxtəlif sahələrdə fəaliyyət göstərən qurumları ilə daha sıx şəkildə və yaxından əməkdaşlıq etmək imkanı verir. Bununla yanaşı, ECOSOC şəbəkəsinin üzvü kimi IDEA bir sıra imtiyazlar əldə etmiş olur. Belə ki, BMT ailəsinin bir hissəsi kimi IDEA İctimai Birliyi milli regional və beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdə BMT-nin ixtisaslaşmış təşkilatlarının təcrübəsindən və qlobal fondların dəstəyindən yararlanacaq.

IDEA, həmçinin BMT-nin baş qərargahında keçirilən iclaslar zamanı sənədlərin razılaşdırılması və qəbulunda iştirak etmək, BMT Baş katibinə bilavasitə müraciət etmək, BMT-nin müxtəlif struktur bölmələri ilə məsləhətləşmələr aparmaq və birgə layihələr hazırlamaq, fəaliyyət dairəsinə aid məsələlər üzrə layihə təşəbbüsləri irəli sürmək, ölkəmizin və regionumuzun üzləşdiyi ekoloji və səhiyyə təhdidlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və digər hüquqlara yiyələnib.

Ətraf mühitin mühafizəsi üzrə regionun aparıcı təşkilatına çevrilmiş IDEA İctimai Birliyi BMT çərçivəsindəki fəaliyyətində "Bir Planet - Bir Gələcək" prinsipinə əsaslanaraq, davamlı inkişaf və ətraf mühitin mühafizəsi beynəlxalq səviyyədə təşviqinə töhfə vermək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...