Oqtay Əsədov Rusiyaya səfər edəcək

Aprelin 18-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti Avrasiya Ölkələri Parlament Sədrlərinin I İclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə məlumat verib. O bildirib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir: "Tədbirdə XXI əsrdə Avrasiya regionu ölkələrinin birgə rifahı naminə parlamentlərarası əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri müzakirə ediləcək. Milli Məclisin sədri iclasda bu mövzuda çıxış edərək məsələyə Azərbaycan tərəfinin mövqeyini bildirəcək".

A. Təvəkküloğlu deyib ki, səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub: "Bu görüşlərdə ikitərəfli əməkdaşlıq, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin aradan qaldırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".

Qeyd edək ki, parlament sədrlərinin görüşünün sonunda yekun Bəyannamə imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...