İraqlı jurnalist Qarabağ münaqişəsindən yazdı

Tanınmış iraqlı jurnalist Mutəz Muhy Əbdülhəmidin "əl-Muraqib əl-İraqi" qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi dərc edilib. Müəllif son günlər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda atəşkəsin tez-tez pozulduğunu, ermənilərin dinc insanları gülləbaran etdiyini oxucuların diqqətinə çatdırır.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, ağır nəticələrindən ətraflı bəhs edilir. İraqlı jurnalist yazır ki, ermənilər Azərbaycanın rayon və kəndlərini işğal edərək bir milyon insanı yurd-yuvasından zorla didərgin salıblar. Bu insanlar doğma yurdlarına dönə bilmirlər. Müharibə nəticəsində 30 minə yaxın insan qətlə yetirilib. Bütün bunlar 1994-cü ildə atəşkəs razılaşmasının əldə edilməsinədək baş verib. Min illər boyu Azərbaycana aid olan və indi üzərində münaqişə gedən bu torpaqlar Ermənistanın nəzarəti altındadır. İndi Azərbaycan bu torpaqları mümkün olan yollarla geri qaytarmağa çalışır.

Müəllif Azərbaycan əsgərinin coşqulu, ayıq olduğunu və işğalçı erməni qüvvələrinin təxribatlarına şücaətlə cavab verdiyini, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan davam edən erməni təcavüzünə qarşı vuruşmaq istədiyini qeyd edir.

Məqalədə azərbaycanlı şərqşünas Pərvin Əfəndinin ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən dövlət qayğısı barədə fikirlərinə də yer verən Mutəz Muhy Əbdülhəmid yazır: "Azərbaycan dövləti qaçqın və köçkünlərin sosial problemlərinin həlli üçün geniş tədbirlər görüb. Respublikanın bir sıra regionlarında, həmçinin Bakıda məcburi köçkünlər üçün şəhər və qəsəbələr salınıb. Onlar ilk vaxtlarda sığınmağa məcbur olduqları çadır düşərgələrindən köçürülüblər. Dövlət məcburi köçkünlərin yeni iş yerləri ilə təmin edilməsi üçün müxtəlif proqramlar həyata keçirir. Həmçinin məcburi köçkün gənclər təhsilin bütün mərhələlərində pulsuz oxumaq imkanına malikdirlər. Bununla yanaşı, bu gənclər texniki-peşə təhsili sahəsində də bacarıqlarını inkişaf etdirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə