"Qumarbazların psixoloji durumu sağlam olmur" AÇIQLAMA

“Onlar cəmiyyətdə və ailədə mövqeyi olmayan şəxslər sırasındadırlar”
"Qumarbazların psixoloji durumu sağlam olmur" AÇIQLAMA

"Özünü dərk edən, şəxsiyyətinə hörmətlə yanaşan insanlar ailə qurarkən bunun bir ömür boyu sürəcəyi düşüncəsi ilə yaşayırlar. Təbii ki, qurulan ailələrdə bir çox problemlər yaşanır. Bu problemlər zəif sinir sisteminə malik olan şəxslərə təsir edərək, ailədə soyuqluğa, dava-dalaşa, cütlüklər arası münasibətlərin itməsinə, qeyri-etik davranışlara, şiddətə gətirib çıxarır". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

O qeyd edib ki, "tanatos" (riskə meyillilik) hissi güclü olan insanlarda azart oyunlara meyillilik çoxalır və bu da ailədə konfliktlərin qabarmasına səbəb olur: "Çox vaxt belə insanlar daha dəbdəbəli həyat qurmaq və ya ailəsinə güclü olduğunu sübut etmək üçün qumara meyl göstərirlər. "Martido" enerjisinin çoxluğu kişilərdə gərginlik, dağıdıcı hisslər, aqressiya yaradır. Bu hisslər onların gözlərini elə bağlayır ki, günü-gündən qumarın ehtirasına düşdüklərinin fərqinə belə varmırlar. Belə insanlar bu əməlləri ya ətrafındakı düşüncə tərzi qeyri-sağlam olan insanların təsiri ilə edirlər, ya da onları riskə meyilliklərinin çoxluğu vadar edir. Onlar qazanmaq əvəzinə itirməyə doğru gedirlər. Bu tip insanlar qumarda uduzduqları kimi, ailəsini və yaxınlarını da itirmək təhlükəsi ilə üz-üzə olurlar".

Psixoloq bildirib ki, qumarbazlar zəif temperamentləri ilə fərqlənirlər: "Qumarbazların psixoloji durumu sağlam olmur. Bu tip insanlar özünəinamsız, cəmiyyətdə və ailədə mövqeyi olmayan şəxslər sırasındadırlar. Amma ailədə onlara dəstək olmaq çox önəmlidir. Bu sahədə valideynin və həyat yoldaşının üzərinə birbaşa məsuliyyət düşür. Çalışmalıdırlar ki, ailədə münaqişə yaratmasınlar. Bütün hallarda səbr və anlayışla problemin öhdəsindən gəlməlidirlər. Əks hərəkətlər həm öz həyatlarının, həm də qarşı tərəfin həyatının puç olmasına gətirib çıxaracaq. Belə olan təqdirdə o cür insanları bu yoldan çəkindirmək üçün mütəxəssislərlə görüşüb, onlardan məsləhət, dəstək istəmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə