Banka borcu olanlar ölkədən çıxa bilməz? AÇIQLAMA

Vəkil: "Borclunun ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər"

"Azərbaycan Respublikasının vətəndaşı sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Bu hüquq yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Əgər hər hansı bir banka müştərinin borcu varsa, onun ölkədən çıxışına yalnız məhkəmə qərarı əsasında qadağa qoyula bilər". Bu fikirləri SİA-ya açıqlamasında vəkillər kollegiyasının üzvü, hüquqşunas Asif Abdullayev deyib.

Vəkil bildirib ki, ilk növbədə borcun qaytarılması barədə məhkəmə qərarı (qətnamə və ya əmr) qəbul edilməlidir və həmin qərar qanuni qüvvəyə minməlidir: "Daha sonra həmin qərarın icra olunması üçün müvafiq İcra şöbəsinə göndərilməlidir. İcra məmuru borclu üçün ən çoxu 10 gün olmaqla, məhkəmə qərarını könüllü icra etmək üçün vaxt verir. İcra haqqında qanuna əsasən, məhkəmə qərarı könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardan şikayət verilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə