Astarada 2016-cı ilin I rübünün yekunları müzakirə olundu

Astarada 2016-cı ilin I rübünün yekunları müzakirə olundu

Aprelin 13-də Astara rayon İcra hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, rayon İcra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, qeyri hökumət təşkilatların və ictimaiyyətin nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, aprelin 9-da möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda geniş nitq söyləyən dövlət başçısı ilk növbədə Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını xatırladıb.

Bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələri ordumuzun təmas xəttində atəşkəsi pozaraq cəbhə boyu sərhəd yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutublar. Buna cavab olaraq rəşadətli Azərbaycan ordusu tərəfindən düşmən mövqelərinə sarsıdıcı zərbələr endirilməklə xeyli sayda canlı qüvvəsi məhv edilib, bir neçə yüz düşmən yaralanıb, çoxlu tank, artileriya qurğusu və digər hərbi texnika sıradan çıxarılıb.

Cəbhə xətti boyunca müxtəlif istiqamətlərdə düşmənin müdafiə istehkamını dağıdan ordumuz xeyli irəliləyərək bir neçə yaşayış məntəqəsini azad etməklə, strateji əhəmiyyətə malik yüksəklikləri ələ keçiriblər.

Bu döyüşlərdə rayonun Əzərüd kənd sakini, Azərbaycan Ordusunun giziri, 2015-ci ildə Prezidentin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub, Pəncəli Nurməmməd oğlu Teymurov da qəhrəmanlıqla döyüşərək şəhid olub.

Tədbirdə şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı daha sonra qeyd edib ki, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. İnşallah, bu belə də olacaqdır.

İlin əvvəlindən biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması üzrə çox ciddi qərarlar qəbul edilib.

Rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 343 hektara çatdırılıb. Bunun 192 hektarını məhsuldar, 151 hektarını isə cavan çay sahələri təşkil edir. Bütün çay plantasiyalarına lazımı aqrotexniki xidmətlər göstərilərək, mineral və üzvi gübrələr verilib, mövsümi yağan yağışlar nəticəsində sel sularından qorunmaq məqsədilə su ötürücü kanallar və arxlar təmizlənib.

Rayonda çəltikçiliyin inkişafından ötrü də müəyyən işlər görülüb. 2016-cı ildə 150 hektara qədər sahədə çəltik əkin işlərinin aparılmasından ötrü torpaq sahəsi hazırlanıb.

Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili və keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri yaşayış və sərhəd məntəqələrində müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər.

Turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Rayonun uzaq dağ kəndlərinin yolları asfaltlaşdırılması ilə tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar kəndlərə turistlərin axını başlanıb. Eyni zamanda dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar tikilib ki, bu da rayona gələn turistlərin daha yaxşı istirahətinə əlavə imkanlar yaradır.

Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olub. Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədilə ənənəvi olaraq "Şahin", "Cəsurlar" hərbi idman oyunları və "Vətən sərhəddən başlayır" mövzusunda tədbirlər keçirilməsinə xüsusi diqqət yetirilib.

Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaradıb.

Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində var qüvvələrini səfərbər edəcəkdir.

Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, Memarlıq və Tikinti şöbəsinin müdiri Balacan Həbibov, Rayon Mərkəzi xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürov və Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor əvəzi Emin Eminov çıxış ediblər.

Sonda rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, qarşıda mühüm vəzifələr durur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına töhvəmizi verməliyik.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə