"Niyə gənc yaşlarınızda özünüzü xəstəliyə vurursunuz?" komitə sədrindən tənqid
"Qəbula gələnlərin bir çoxu işsizlikdən şikayət edir. Lakin elə rayon yoxdur ki, orada boş iş yeri olmasın". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, nədənsə vətəndaşlar mövcüd olan iş yerləri ilə qane olmurlar: "Bəziləri deyir orada işləyə bilmərəm, bəziləri də xəstəliyini bəhanə edir. Niyə gənc yaşlarınızda özünüzü xəstəliyə vurursunuz? Bu gün cəmiyyətdə dilənçilik, digər tərəfdən isə məsuliyyətsizlik var. Bəzən yaşlı analar 35 yaşlı övladının əlindən tutub iş istəmək üçün qəbulə gəlir. Bu cür hallar utancvericidir. Hər kəs vəzifədə işləmək məcburiyyətində deyil. İstənilən şəxs öz gücünə və bacarığına güvənərək işə başlamalıdır. Bu problemlərlə qarşılaşmamaq üçün ailədə uşağa məsuliyyətli olmağı öyrətməli və gələcəkdə onlara cəmiyyətdə öz gücünə güvənməyi aşılamalıyıq".
H. Hüseynova qeyd edib ki, bu gün ailələrdə boşanma zamanı ən çox uşaqlar əziyyət çəkir: "Məhkəmə qərarından sonra valideynlər uşağı öz tərəflərinə çəkməyə başlayır. Onlar uşağın gələcəyini düşünümürlər. Bu cür uşaqlar bir çox hallarda pis vərdişlərin aludəçisinə çevrilirlər. Bəzən valideynlər uşaqları ilə məşğul olmaqdan boyun qaçırırlar. Çox təəssüf ki, uşağının nə ilə məşğul olduğundan xəbəri olmayan valideynlər də az deyil".
Çıxışı zamanı H. Hüseynova övladlığa uşaq götürmək istəyən insanlardan da danışıb: "Bəzən bizə uşaq evlərindən bir neçə uşaq götürüb saxlamaq istəyənlər müraciət edir ki, belə insanlara ciddi yanaşmalıyıq. Onların psixi, sosial və digər durumları nəzərə alınmalıdır. İnsanları çox zaman tanımaq olmur. Müraciət edən zaman normal görünürlər, lakin araşdırdıqdan sonra məlum olur ki, həmin insanlara uşaq etibar etmək olmaz. Bu sahə ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Gələcəkdə ciddi problemlərlə üzləşməmək bu sahədə qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB