Hadı Rəcəbli: “Ailədə qızı sabahın gəlini kimi tərbiyə etməliyik”

"Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini qabartmalıyıq". Sia-nın xəbərinə görə, bunu Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, kişi qadın münasibətləri, ailə məsələləri bəzən islamdan təhrif olunmuş formada çatdırılanda ailə institunun təməli sarsılır: "Xalq deyimlərimizdə ailə quran gənclərə "bir yastığda qoşa qarıyasız", "qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər" kimi ifadələr var. Bunlar boşuna deyilmiş sözlər deyil. Bu ifadələr nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək, o zaman kişi və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq".

H. Rcəblinin fikirncə, Milli Məclisdə fəaliyyət göstərən əlaqədar komitələr bu kimi problemlərin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görməlidir: "Sovet dövründə elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır. Ancaq zaman keçdikcə tərbiyənin təməlinin ailədə qoyulduğunu gördük. Ailədə qızı sabahın gəlini, anası və qaynanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları isə eyni zamanda gələcəyin atası, ailə başçısı və qaynatası kimi tərbiyələndirməliyik. Çox təəssüf ki, hələ də bəzi gəlinlərin qab yuya bilmədiyini, hətta yumurta bişirə bilmədiyini belə görürük. Elə oğlanlar da var ki, onlar evdə oturur, evə qadın sahiblik edir".

Çıxışı zamanı "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə də toxunan komitə sədri bildirib ki, sözügedən qanunda öz əksini tapan məsələlərin əksəriyyəti digər qanunlarımızda da var: "Buradan mətbuata səslənirəm ki, bizim təklif etdiyimiz bəzi məsələlər elə təhrif olunmuş formada verilir ki, sonra onları insanlara izah etməkdə əziyyət çəkirik. Bu öz növbəsində cəmiyyətin və qanun yaradıcılığının əksinə işləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...