“Ailə institutunun formalaşdırılmasında adət-ənənələrimiz” TƏDBİR

“Ailə institutunun formalaşdırılmasında adət-ənənələrimiz” TƏDBİR

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Ailə institutunun formalaşdırılmasında adət-ənənələrimiz" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Daxili İşlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik idarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov, millət vəkilləri, QHT rəhbərləri, mətbuat nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ilk çıxış edərək bildirib ki, komitə bu kimi tədbirləri regionlarda daha geniş ictimaiyyət nümayəndələri ilə həyata keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətinin priorotetləri arasında sağlam cəmiyyətin formalaşması prosesləri, gender problemi, qadın siyasətinin inkişafı xüsusilə qeyd edilir.

A.Naxçıvanlı söyləyib ki, Azərbaycanda ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir: "Bilirsiniz ki, müasir dövrdə sosiallaşmanın təkanverici qüvvəsi ailədir. Azərbaycanda ailəyə, qadına. böyüyə, Ağsaqqala və ağbirçəyə hörmət ən vacib mental davranışlardandır. Bu davranışlar hər zaman bizim üçün mühüm əhəmiyyət kəsb edib və edəcək. Ağsaqqalın sözü ən ümdə yerdə durub. Ailənin sağlam formalaşması, cəmiyyətə normal adaptasiya edilməsi üçün psixoloji, sosiloji, müəyyən mənada dini təzyiqlər, kənar müdaxilələrin olması əksər hallarda maneələrə səbəb olur. Bütün bunlar müəyyən problemlərə gətirib çıxarır. Biz bu tədbir keçirməklə siz ictimaiyyətin diqqətini milli-mənəvi dəyərlər əsasında qurulmuş adət-ənənələrimizə cəlb etmək arzusundayıq".

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib ki, bu istiqamətdə görülən işlərin davam etdirilməsi üçün "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən "Azərbaycan ailəsi Strategiyası" hazırlanır və sənəd yekunlaşmaq üzrədir".

H.Hüseynova təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda uğurlu ailələrlə yanaşı, problemli ailələr də var: "Yanlış stereotiplər, qeyri-səmimi münasibətlər bir çox hallarda ailələrdə məişət zorakılığına, erkən nikahlara, uşaqların küçələrdə yaşamasına, intiharlara və digər neqativ halların yaranmasına səbəb olur. Bizim komitənin bir sıra öhdəlikləri var. Lakin, insan özü də, bunu dərk etməlidir ki, valideyn olaraq, övladım üçün hansı gələcəyi qururam? Məsələ yalnız ailə təhsildə, yaxşı işlə təmin olunmaqdan, övladına ailə qurmaqda kömək etməkdən ibarət deyil".

Daha sonra söz alan Ombudsman Elmira Süleymanova isə qeyd edib ki, Azərbaycanda gənc ailələr və ailə problemləri üzrə hüquq məsləhətxanaları olmalıdır: "Milli fəaliyyət proqramı ilə bağlı təkliflərimizi vermişik. Vaxtı bitmiş bəndlər çıxarılmalı, indiki prioritetlərə uyğun yeniləri ilə əvəz olunması lazımdır".

Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə