"Uşaq psixoloqlarının sayı artırılmalıdır"

"Azərbaycanda uşaq psixoloqlarına çox böyük ehtiyac var və bu işə ciddi yanaşmaq lazımdır". SİA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına ehtiyac olduğunu dilə gətirən komitə sədri vurğulayıb ki, onların fəaliyyəti də genişləndirilməlidir: "Bəzən görürsən ki, uşaq 1-2-ci sinifdə normal olur, amma sonrakı siniflərdə birdən-birə dəyişir. Psixoloqları bu məsələlərlə maraqlanmalıdırlar. Əgər uşaqda birdən-birə dəyişiklik qeydə alınırsa, ya onun ailə, ya təhsil, ya da digər problemləri var. Əgər bunların heç biri yoxdursa demək problem uşağın özündədir. Ya uşaq sinifdə özünə yer tapa, ya da digər uşaqlarla ünsiyyət qura bilmir. Belə olan halda, istər valideynlər, istərsə də müəllimlər vaxtında uşaqla maraqlanmalı, ona öz təsirini göstərməlidirlər. Bu çox vacib məsələ olsa da, çox təssüf ki, bunu görmürük. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Uşaqlarla məşğul olanlar bilirlər ki, onların yaşına görə psixoloji dəyişiklikləri özünü göstərir. İndiki uşaqlar xarici filmlərə çox baxırlar. Buradan özlərinə nümunə götürüb onları reallaşdırmağa başlayırlar".

H.Hüseynova deyib ki, rayon icra hakimiyyətlərindəki yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar da uşaqlarla çox güclü işləməlidirlər: "Gözləməməliyik ki, bu hadisə olacaq, ondan sonra biz onun nəticəsinin aradan qaldırılması üçün nə isə edəcəyik. İnsanlarla danışmaq, görüşmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...