Ermənistanın vurduğu ziyan dəqiqləşdirilir

Ermənilərin son günlər törətdikləri cinayət əməlləri ilə bağlı zəruri beynəlxalq hüquqi addımlar atılacaq

Nəhayət ki, rəsmi Yerevan Ermənistanın məsuliyyət daşıdığı Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüquq adlı beynəlxalq vasitələrin mövcudluğunu dərk edib. Bu fikri Ermənistan Xarici İşlər və Müdafiə nazirliklərinin Cenevrə konvensiyalarının pozulması barədə açıqlamasına münasibətdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Mətbuat katibi deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərimizdə mülki Azərbaycan əhalisinə qarşı törətdiyi qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, azərbaycanlı əsir və girovların işgəncələrə məruz qoyulması, öldürülüməsi və kütləvi məzarlıqlarda basdırılması və digər bu kimi hərbi və insanlıq əleyhinə cinayət və soyqırımı əməlləri dəlillər, şahidlərin ifadələri əsasında sənədləşdirilib və beynəlxalq təşkilatlara təqdim edilib. Bu əməlləri törətməklə Ermənistan tərəfindən bir dövlət olaraq Cenevrə konvensiyaları, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiya, İşgəncələr əleyhinə konvensiya və silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiya və digər beynəlxalq sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinin hədəfə alınması, öldürülməsi və yaralanması halları daimi olaraq davam edib.

Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti ehtiva edən cinayət əməllərinə adekvat münasibətin bildirilməməsi və cinayətkarların vaxtında cəzalandırılmaması yeni cinayətlərin törədilməsinə rəvac verib.

Belə ki, aprelin 2-də səhər erkən saatlardan başlayaraq Ermənistan cəbhə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə bərabər tutulan əməllər törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu mülki əhaliyə qarşı artilleriya və digər ağır atəş vasitələrindən qəsdən, sistematik və hədəflənən hücumlar edib. Məlumat verildiyi kimi, 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. Bir məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Ermənistanın cinayət əməlləri nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu əməllərə görə öz məsuliyyətini gizlətmək üçün Ermənistan tərəfindən qurama ölüm səhnələri düzəldilir, saxta foto və videomateriallar və dezinformasiya xarakterli məlumatlar yayılır.

Bütün bu cinayətlər, o cümlədən aprelin 2-dən başlayaraq törədilən əməllər barədə dövlət olaraq Ermənistan və bu gün onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin fərdi məsuliyyəti haqqında beynəlxalq ictimaiyyətin və aidiyyəti təşkilatların məlumatlandırılması davam etdiriləcək və zəruri beynəlxalq hüquqi addımlar atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə