Millər vəkili Şamaxıda petisiya layihəsi ilə bağlı məlumat verib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe).

Aprelin 12-də Şamaxı şəhərində rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə layihə ilə bağlı ətraflı məlumat verildi. Tədbiri giriş sözü ilə Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov çıxış edərək, petisiyada irəli sürülən məqamların bu yaxınlarda qəbul edilən AŞPA-nın 2085 (2016) saylı qətnaməsində sadalananlarla üst-üstə düşdüyünü bildirdi. Petisiyada sadalanan tələblərin məzmunu barədə informasiya verən E.Süleymanov onun qəbul edilməsi üçün 100 min insanın səs verməsinin vacibliyini vurğuladı. Millət vəkili 100 minin də son hədd olmadığını qeyd edərək, şamaxılıları səsvermə prosesində fəal olmağa çağırdı.

Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov və Şəhriyar qəsəbə tam orta məktəbinin direktoru Rəsul Rzai çıxış edərək layihənin əhəmiyyətini vurğulayaraq şamaxı sakinlərini onu dəstəkləməyə dəvət etdilər.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova petisiyanın imzalanma qaydası ilə tədbir iştirakçılarını tanış etdi və tədbir iştirakçılarının suallarını cavablandırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə