Nazir: "Hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik" FOTOLAR

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu gündən Türkiyənin İstanbul şəhərində öz işinə başlayan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti"nə qatılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıc, Malaziyanın gənclər və idman naziri Xairi Camaluddin, Birləşmiş Ərəb Əmirliklərinin gənclər və idman naziri Şamma Al Mazrim, Qambianın gənclər və idman naziri Mehdi Hassan və digər nazirlərin, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri, islam ölkələrindən gənc liderlər, nobel mükafatçıları və qonaqların qatıldığı tədbir 14-15 aprel 2016-ci il tarixdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçiriləcək İslam Sammiti Konfransının 13-cü sessiyasının bir hissəsi kimi təşkil edilir.

Tədbirin birinci panel günü gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ölkədə gənclər siyasəti sahəsində aparılan işlər, ölkənin 2/3 hissəsinin 30 yaşına qədər gənclərdən ibarət olması, "2005-2009", "2011-2015-ci illər Azərbaycan gəncliyi Dövlət Proqram"ları çərçivəsində görülmüş işlər, yeni "2016-2020-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı"nda öz əksini tapmış və icrası nəzərdə tutulmuş tədbirlər, eyni zamanda "2015-2025-ci illəri əhatə edən "Gənclərin inkişafı üzrə Dövlət Strategiyası" haqqında məlumat verib.

Nazir, eyni zamanda ölkəmizin İslam ölkələri gənclərinin həmrəyliyinə, birgə fəaliyyətlərinə və tədbirlərinə daim dəstək verdiyi, İslam ölkələri gənclər Forumunun təsis iclasının məhz Azərbaycanda keçirildiyi, ölkə başçısı cənab İlham Əliyevin adıçəkilən təşkilatın mərkəzi qərargahının açılışında iştirak etdiyi və fəaliyyətini diqqətdə saxladığı barədə qonaqları məlumatlandırıb.

Azad Rəhimov eyni zamanda 2007-ci ildə Bakı şəhərində keçirilən "Gənclər Sivilizasiyalar arası alyans naminə" konfransın Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın patronajı altında keçirildiyini vurğulayıb.

Nazir bu gün ölkədə 320 QHT fəaliyyət göstərdiyini, Azərbaycanın Türkiyə, Küveyt, Qətər, Mərakeş, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, İraq və digər ölkələrlə gənclər sahəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Azad Rəhimov deyib: "Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik. Biz İslamın sabahı haqqında düşünməliyik və məqsədlərimizə çatmaq üçün bu gün nələri ortaya qoyduğumuza diqqət etməliyik. Birgə qüvvələrimizi qoyaraq Gənclər Strategiyasını inkişaf etdirməliyik. Bu strategiya gənclərin arzu və istəklərinin üzərində qurulmalıdır".

Azad Rəhimovun çıxışının sonunda İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirilib.

Qeyd edək ki, Sammitin ikinci panelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev Bakı İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatla çıxış edəcək.

Məlumat üçün bildirək ki, Sammitin əsas təşkilatçısı "Dialoq və Əməkdaşlıq naminə islam ölkələri gənclər Forumu" dur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...