AVCİYA ADNA tələbələri ilə görüş keçirib

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) tələbələrlə görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ADNA-nın prorektoru Rafiq Camalov qonaqları akademiyada görməkdən şad olduqlarını bildirib.

Prorektor qeyd edib ki, AVCİYA tərəfindən başladılan bu layihə olduqca əhəmiyyətli və diqqətəlayiqdir: "Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Biz ədalətin bərpa olunmasını istəyirik. Beynəlxalq təşkilatlara, böyük dövlətlərə ədalətli mövqeyimizi, bu yöndə qətiyyətimizi çatdırmaqda davam etməliyik. Petisiyaya imza atmaqda daha da fəal olmalı, dəstəyimizi gücləndirməliyik. Bu yolda Azərbaycan xalqının yanında olan hər kəs səfərbər olmalıdır

Digər çıxışçılar da Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışaraq təcavüzkarın hələ də beynəlxalq ictimaiyyət tərəfindən layiqli cəzasını almadığını söyləyib. Bildiriblər ki, Azərbaycan öz haqq mübarizəsindən dönməyəcək, əzəli və əbədi torpaqlarımız düşmən tapdağından azad olunanadək bu mübarizə bütün sahələrdə davam etdiriləcək.

Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması üçün geniş təbliğat kampaniyasına başlayıb. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər. Petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə