Ünvanlı sosial yardım necə koordinasiya olunmalıdır? ŞƏRH

Sədaqət Vəliyeva: “Prezident İlham Əliyevin müvafiq göstərişi ölkəmizdə işsizliyi daha da azaldacaq”

"Ünvanlı dövlət sosial yardımı çox mühüm sosial təşəbbüsdür və biz bunu icra edirik. Ancaq bəzi hallarda bu, ələbaxımlıq meyillərini də gücləndirir. Ona görə də çox ciddi və düşünülmüş siyasət aparmalıyıq ki, insanlar işləyib pul qazansınlar. Bu məqsədlə biz rayonlarda, Bakı şəhərində, böyük şəhərlərdə ictimai işlər açırıq. Bu məqsədlə dövlət şirkətlərinə göstəriş verilmişdir ki, minlərlə yeni iş yeri açsınlar. Ancaq bəzi hallarda biz görürük ki, vətəndaşlar o iş yerlərindən istifadə etmək istəmirlər, daha çox dövlətdən ünvanlı yardım almaq istəyirlər. Ona görə, burada çox dəqiq siyasət aparılmalıdır. Doğrudan da kimin ehtiyacı varsa ona dövlət daim diqqət göstərəcəkdir. Amma əmək qabiliyyətli vətəndaşlar, gənc vətəndaşlar əgər iş varsa getsinlər o işlərdə işləsinlər, maaş qazansınlar və beləliklə, gələcəkdə öz həyatlarını qursunlar. Çünki ələbaxımlıq, ümumiyyətlə, yaxşı hal deyil. Azərbaycan artıq yoxsulluğa qarşı mübarizədə böyük uğurlar əldə edibdir. Azərbaycanda yoxsulluq aşağı səviyyədədir. Əlbəttə ki, işləmək üçün iş yerləri olmalıdır, bunlar da yaradılır. Həm dövlət, həm özəl sektorlarda özünəməşğulluğun təmin olunması üçün vəsait ayrılıb. Ona görə, bu, çox ciddi məsələdir və öz həllini tapmalıdır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Mövzu ilə bağlı SİA-ya münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin müvafiq göstərişi ölkəmizdə işsizliyi daha da azaldacaq:

"2016-cı ilin birinci rübü ərzində 112730 ailəyə və ya onların 492 min üzvünə, yəni ölkə əhalisinin 5,1 faizinə ünvanlı dövlət sosial yardımı verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb. Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5,6 faiz artaraq 151 manat olub. Hesabat dövründə 395 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 55 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Ümumilikdə, sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən rüb ərzində 84 milyon manat vəsait xərclənib".

Deputat Sədaqət Vəliyeva bildirib ki, hazırda insanların məşğulluğu ilə ünvanlı dövlət sosial yardım məsələsini koordinasiya etmək lazımdır: "Yaxşı olardı ki, vətəndaşların əmək fəaliyyətinə daha çox cəlb edilməsinə yönələn tədbirlər həyata keçirilsin. Məsələn, ünvanlı dövlət sosial yardımın iki il ərzində verilməsi əvəzinə birdəfəlik, lakin hansısa bir işlə məşğul olmasına dəstək olmaq daha məqsədə uyğun olardı. Balıqçının balıqartırma və satış işini, heyvandarlıqla məşğul olana bu sahədəki işini inkişaf etdirmək və s. ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə