Bu gün Lənkəran şəhərindəki Heydər Əliyev mərkəzinin önündə Lənkəran rayon çağırışçılarının bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisi Faiq Əmirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, müharibə veteranları, valideynlər, gənc çağırışçılar və rayon ictimaiyyəti iştirak edirdi.
Mərasim Dövlət himnimizin səslənməsi ilə başladı. Tədbiri giriş nitqi ilə açan İcra başçısı Taleh Qaraşov torpaqlarımızın müdafiəsi zamanı şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra o,həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirdi. Gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzuladı, müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tez-tez hərbi hissələrdə olması, cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlər ilə görüşü hərbçilərimizdə ruh yüksəkliyini artırır. Aprel ayının əvvəlində cəbhə bölgəsində məkrli düşmənə sarsıdıcı əkszərbə endirən Azərbaycan Ordusu bir daha öz gücünü mənfur düşmənə göstərdi.
İcra başçısı əlavə etdi ki, son illər Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksinin yaradılması, hərbi məhsullar istehsal edən zavodların açılması ölkənin hərbi sisteminin, müdafiə qüdrətinin gücləndirilməsinə xidmət edir. Ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunmasına gətirib çıxaracaqdır.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisi Faiq Əmirov çıxış etdi. Ordu sıralarından tərxis olunmuş bir qrup gəncə hərbi biletlər təqdim olundu. Tədbirdə Azərbaycan Vətən müharibəsi təşkilatının Lənkəran şöbəsinin sədri Əlisəfa Ağayev, Milli Qəhrəman atası Ələkbər Əliyev, valideynlər adından İsgəndər Tağıyev və başqaları çıxış edərək Ordu sıralarına yola salınan gənclərə xeyir-dua verdilər.
Mərasimdə Azərbaycan əsgərini vəsf edən vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndi.
Tədbirin sonunda həqiqi hərbi xidmətə gedən çağırışçılar Azərbaycan Respublikasının bayrağı altından keçərək xidmətə yola salındılar.
Sərraf Mirsəfəroğlu












Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB