AVCİYA-nın prezidenti ADU-da tələbələrlə görüş keçirdi FOTOLAR

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) görüşü keçirildi.

ADU-dan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonağı universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. O, son günlərdə baş vermiş hadisələrlə əlaqədar Azərbaycan ordusunun yenilməzliyindən söz açdı. Gənclərdə vətənpərvərlik hislərinin güclü olduğunu bildirən professor onların bu xüsusiyyətini müsbət hal kimi qiymətləndirdi. Aprelin 1-dən 2-ə keçən gecə cəbhədə Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı ADU-nun hər 3 binasında ölkəmizə və Prezidentə dəstək məqsədilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdıran professor Dünyamin Yunusov bugünkü görüşün qayəsinin də məhz bu qəbildən olduğunu söylədi və sözü AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanova verdi.

Universitetin professor-müəllim heyətinin iştirak etdiyi görüşdə Elxan Süleymanov Dillər Universitetində olmaqdan qürur hissi keçirdiyini bildirdi və "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsi çərçivəsində ilk görüşün məhz ADU-da təşkil olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ölkənin qüdrətinin və xalqın gələcəyinin gənclərdən asılı olduğunu deyən millət vəkili bu layihə çərçivəsində məhz onlarla görüşməyin vacibliyindən söz açdı. ADU-nun sabiq rektoru, millət vəkili, professor Səməd Seyidovun rəhbərliyi altında AŞPA-da ölkəmizin bir sıra uğurlara imza atmasından danışdı. Dil sahibi olmaqla hər bir azərbaycanlı gəncin həmin ölkəyə geniş yol açdığını deyən E. Süleymanov ADU-da müxtəlif dünya ölkələrinin dillərinin tədris olunduğunu yüksək qiymətləndirdi. Azərbaycan ədəbiyyatını, tarixini, coğrafiyasını, beynəlxalq əlaqələrini bildikdə ölkəmizi müdafiə etməyin daha asan olduğunu bildirən millət vəkili dövlətimizin daima gənclərə ehtiyac duyduğunu diqqətə çatdırdı.

E.Süleymanov AVCİYA-nın 12 illik fəaliyyəti haqqında söhbət açaraq onun əsas xəttinin Qarabağ həqiqətləri, Ermənistanın işğalçı siyasəti, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirdi.

Elxan Süleymanov düşmənlə mübarizədə yanlış informasiyanın qarşısının alınmasında medianın üzərinə böyük vəzifə düşdüyünü qeyd etdi. O, dünyada Azərbaycana qarşı ciddi təzyiqlərin olduğunu, bu baxımdan düzgün informasiyaların yayılmasının vacibliyini vurğuladı. Azərbaycan ordusunun hərbi əməliyyatlarda əldə etdiyi qələbələrdən söz açan millət vəkili dövlətimizin öz torpaqlarından və onun azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcəyini söylədi. O, son günlərdə cəbhə xəttində baş verən hadisələrlə bağlı ATƏT, BMT, NATO və digər nüfuzlu təşkilatların, həmçinin 40-a yaxın lider ölkələrin bəyanatını diqqətə çatdırdı, bu bəyanatların hamısında əsas məqsədin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla deyil, ancaq sülh yolu həll oluna bilinəcəyini dedi. AVCİYA prezidenti yalnız İslam Əməkdaşlıq Təşkilatının və AŞPA prezidenti Pedro Aqramuntun bəyanatlarında Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad edilməsinin vacibliyinin vurğulandığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etmək və bütün dünyaya yaymaq məqsədilə Ağ Ev Administrasiyasına ünvanlanan petisiyadan danışan AVCİYA prezidenti bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə olunmamasının vurğulandığını qeyd etdi.

Petisiyanın əhəmiyyətindən danışan E.Süleymanov məhz bunun vasitəsilə Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamənin Ağ Evin saytında dünyaya çatdırıldığını vurğuladı.

Hər kəsi layihəyə qoşulmağa çağıran deputat Elxan Süleymanov Dillər Universitetində 6000-dən çox tələbənin təhsil aldığını, 1000-ə yaxın əməkdaşın çalışdığını bildirdi. ADU-nun professor-müəllim və tələbə heyətindən 7000 deyil, 14 min səs gözlədiyini söyləyən E. Süleymanov hər birinin dostu, qohumu olduğundan söz açdı. Qaydalara əsasən 100 min səs qazanmanın zəruri olduğunu söyləyən millət vəkili artıq 60 mindən çox səsin qəbul edildiyini sözlərinə əlavə etdi. O, səs vermənin davam etdiyini və yaxın günlərdə bir neçə yüz min səsin qazanılacağına inamını ifadə etdi.

Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirildi.

AVCİYA-nın nümayəndəsi İradə Yaqubova səs vermənin qaydaları haqqında ətraflı məlumat verdi.

Sonda Elxan Süleymanov belə mühüm tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi və Dünyamin Yunusova Şamaxı ensiklopediyası, AVCİYA-nın fəaliyyətinə həsr olunan, eyni zamanda 5 il müddətində seçicilərlə gördüyü işləri əhatə edən kitablar hədiyyə etdi.

Qeyd edək ki, AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması üçün geniş təbliğat kampaniyasına başlayıb. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər. Petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...