3 regionda “QHT Məktəbi”nin yaz proqramı başlayır

3 regionda “QHT Məktəbi”nin yaz proqramı başlayır

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə, Mingəçevir və Quba regional ofisləri "QHT Məktəbi"nin növbəti yaz proqramına qəbul elan edir. Təhsil Mərkəzindən SİA-ya verilən məlumata görə, keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda yaranan bu Məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırır.

Gəncə, Mingəçevir və Quba şəhərləri daxil olmaqla, ətraf rayonları da əhatə edən proqramın regionlarda təşkil edilməsində məqsəd isə, həmin ərazidə fəaliyyət göstərən QHT nümayəndələrinin bilik və bacarıqlarını artırmağa, o cümlədən onlar üçün gənc kadrların formalaşdırılmasına yardımçı olmaqdır.

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov bildirmişdir ki, təşkil olunacaq proqram regionumuzda vətəndaş cəmiyyəti üçün yeni səhifə açacaq. Regionlarda çoxlu sayda QHT fəaliyyət göstərsə də, onların fəallığı paytaxt QHT-ləri kimi deyil. Çünki, ilk növbədə QHT nümayəndələri üçün səmərəli təlimlər lazımdır. Bəzi hallarda onlar təcrübəsizlikdən dövlət qurumlarının elan etdikləri qrant müsabiqələrində iştirak edə bilmir, ümumilikdə təşkilatlarını inkişaf etdirməkdə çətinliklər çəkirlər. Bu baxımdan "QHT Məktəbi" region QHT-ləri üçün gözəl fürsətdir.

Bu günədək 1500-ə yaxın məzunu olmuş Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri hər bir regionda 1 ay davam edəcəkdir. Təlimlər tanınmış QHT mütəxəssisləri, habelə təcrübəli QHT rəhbərləri tərəfindən tədris olunacaq.

İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra, təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

Məktəbdə iştirak etmək istəyənlər Mərkəzin adları qeyd olunan şəhərlərdə yerləşən ofislərinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə