Ənvər Əlibəyliyə həsr olunan seminar keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu il yaradıcılığının yüzüncü baharı qeyd olunan Əməkdar incəsənət xadimi, nəğməkar şair Ənvər Əlibəyliyə həsr olunan növbəti elmi seminar məşğələsi keçirilib. Muzeydən SİA-ya verilən xəbərə görə, tədbirdə muzeyin Yeni və Müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Kəmalə Nuriyeva görkəmli ədibin bədii, publisistik yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, zəngin poeziya yaratmış Ənvər Əlibəylinin lirik şeirlərinə Rauf Hacıyev, Tofiq Quliyev və digər bəstəkarların hələ 1960-1970-ci illərdə bəstələdikləri məşhur nəğmələr bu gün də dillər əzbəridir.

Sonra çıxış edən Ənvər Əlibəylinin qızı – muzeyin Beynəlxalq əlaqələr və komprotivistika şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli ədibin ailəsinə bağlı insan olduğunu bildirib. Qeyd edib ki, şairin ailəsinə olan məhəbbəti başçılıq etdiyi kollektivinə qayğıkeşliyi və məhəbbəti ilə əvəzlənmişdi.

Maraqlı slayd nümayişi ilə müşaiyət olunan seminar məşğələsi muzeyin Ekspozisiyanın izahı və audio müşaiyətin təmini şöbəsinin müdiri Tomiris Babanlı, filologiya üzrə fəlsəfə doktorları Məlahət Kələntərli, Natavan Mustafayeva və başqalarının çıxış və sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə