Şamaxıda III Beynəlxalq soyqırımları elmi konfransı keçirilib FOTOLAR

Şamaxıda III Beynəlxalq soyqırımları elmi konfransı keçirilib FOTOLAR

Aprelin 8-də Şamaxı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı III Beynəlxalq elmi konfrans keçirilib.

Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun SİA-ya verdiyi məlumata görə, Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən beynəlxalq konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açdıqdan sonra, dövlət himnimiz səsləndirilmiş və soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Konfransda çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır: "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı III Beynəlxalq elmi konfrans böyük elmi və siyasi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan alimlərini narahat edən dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsidir.

XX əsr boyu Azərbaycan xalqına və ümumən türk millətinə qarşı Şərqi Anadoluda, Qafqazda və Orta Asiyada, hətta Cənubi Azərbaycanda bir neçə dəfə ağır, dəhşətli soyqırımı və deportasiyalar baş vermişdir. Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir".

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxışında deyib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları ümumdünya tarixinin ən dəhşətli soyqırımlarıdır: "Məkrli ermənilər "böyük Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti aparmışlar. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan ellərində və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltan ediblər.

Dünya tarixində 1914-1918-ci illərdə ermənilərin törətdikləri soyqırımları qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları, qadınları və qocaları amansızcasına, namusu və heysiyyatı alçaldılaraq ən qəddar üsullarla məhv edilməsi faktına təsadüf olunmur.

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı" haqqında fərmanı tariximizin bu qaranlıq səhifələrinə uzun illərdən sonra işıq salan ilk rəsmi hüquqi sənəd kimi böyük əhəmiyyətə malikdir.

Azərbaycanda baş verən soyqırımlarının tədqiq olunmasının təşəbbüskarı birbaşa Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.

Aprel ayının əvvəllərində Ermənistan silahlı bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirib, strateji yüksəklikləri azad edib. Bu düşmənə ən böyük cavabdır.

Bu qələbələrdən sonra valideynlər döyüşlərdə şəhid olmuş övladlarının tabutuna sarılmış Azərbaycan bayraqlarını təhvil alarkən "Vətən sağ olsun!" deməyi bacardılar. Şəhidlər öz qanları ilə Azərbaycan xalqını birləşdirdilər .Biz Azərbaycan tarixçiləri prezident İlham Əliyevin əsgərləriyik".

Yaqub Mahmudov qeyd edib ki, bizim məqsədimiz bu gün türk-müsəlman əhaliyə qarşı soyqırımlarını yada salıb ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almalıyıq.

Daha sonra plenar iclasda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Atatürk Araşdırma Mərkəzinin təmsilçisi Selma Yel, Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsın, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və başqaları çıxış ediblər.

Konfransda Azərbaycan Prezidentinə müraciət qəbul olunub və bu müraciəti Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov səsləndirib.

Plenar iclasdan sonra konfrans öz işini "Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımlar", "Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1918-1920-ci illər)" və "Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)" adlı üç bölmədə davam etdirmiş, mövzular üzrə müzakirələr aparılıb.

Bu beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Almaniya, Türkiyə, Rusiya (o cümlədən Moskva şəhəri, Tatarıstan Respublikası və Şimali Qafqazın bir sıra respublikaları), Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər elmi məruzələrlə çıxış etmişlər.

Qeyd edək ki, bundan əvvəl, türk-müsəlman əhaliyə qarşı soyqırımlarına həsr olunmuş I və II beynəlxalq konfranslar Quba şəhərində ölkə başçısının göstərişi ilə ucaldılmış Soyqırımı Memorial Kompleksində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə