Pensər kəndi Astara rayonunun ən iri yaşayış məntəqələrindən biridir. Pensər və Çayoba kəndlərini əhatə edən nümayəndəliyin əhalisi 6726 nəfərdir. Ərazidə 3 orta məktəb, 2 mədəniyyət evi, 2 uşaq bağçası, xəstəxana, tibb məntəqəsi və digər sosial obyektlər fəaliyyət göstərir. Yeni istifadəyə verilmiş çay emalı fabrikində istehsal olunan məhsul təkcə rayonumuzda deyil, xarici ölkələrdə də məşhurdur. SİA-nın məlumatına görə, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Bu ilki mövsümdə 150 hektara yaxın sahədə əkin aparılıb.
Aprelin 7-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pensər kəndində vətəndaşlarla görüşərkən son günlər rəşadətli Milli Ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıqlar barədə məlumat verib, Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin qazandığı zəfərlərdən doğan ruh yüksəkliyini, xüsusən gənclərin vətənpərvərlik ruhunun geniş vüsət almasını diqqətə çatdırıb. Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elşad Məmmədov əvvəlki səyyar qəbul - görüşdən sonra ərazidə görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.
Pensər kənd sakinlərindən Arif Əliyev, Asif Əliyev, Abdulla Əliyev, Yaşar Rəhimov və başqaları çıxış edərək son dövrdə rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərinə, əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlərə, aztəminatlı ailələrə göstərilən qayğı və diqqətə görə rayon rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər Çayoba-Pensər ara yolunun təmiri, Pensər kənd 1 saylı tam orta məktəbin əsaslı təmiri, 2 saylı tam orta məktəbin qazla təminatının başa çatdırılması, sahilbərkitmə işlərinin aparılması, kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadə olunması üçün iri fermer təsərrüfatlarının yaradılması, Pensər kənd bağçasına gedən yolun qaydaya salınması barədə təkliflər veriblər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. İcra başçısı çıxış edərək son aylarda rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə ətraflı məlumat verib, bütün dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq ölkəmizdə, o cümlədən rayonumuzda geniş miqyasda tikinti və abadlıq işlərinin aparıldığını, xüsusən sosialyönümlü layihələrin icrasının sürətlə aparıldığını diqqətə çatdırıb.
Uzun illərin problemləri kimi sadalanan digər məsələlərin həllinə də tədricən nail olunacağını vurğulayan icra başçısı, bütün bunların ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin bəhrəsi olduğunu qeyd edərək bundan sonra da ölkəmizin inkişafı, xalqımızın firavan yaşaması üçün dövlət tərəfindən mühüm tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB