Dövlət Komitəsinin sədri İsveçə səfər edəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə rəsmi səfər edəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, İsveçdə yerləşən "Beynəlxalq Həyat Sözü" Təşkilatının dəvəti ilə aprelin 11-dən 14-dək davam edəcək səfər çərçivəsində Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Stokholm və Uppsala şəhərlərində görüşlər keçirəcək.

Həmçinin, səfər proqramına uyğun olaraq İsveçin nüfuzlu Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun təşkilatçılığı ilə ölkəmizin tolerantlıq ənənələri, multikulturalizm modelinin təbliği, iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsi, qlobal aktuallıq kəsb edən miqrant axını, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son günlər işğalçı Ermənistan tərəfindən qoşunların təmas xəttində Azərbaycana qarşı törədilən növbəti silahlı təxribat, ölkəmiz tərəfindən görülən cavab tədbirləri, eləcə də regiona aid maraq kəsb edən digər məsələlərlə bağlı dəyirmi masa təşkil ediləcək.

Səfər zamanı Komitə sədrinin İsveç Riksdaqının (Parlament) üzvləri, rəsmi şəxslər, o cümlədən mətbuat nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə