Dağlıq Qarabağdakı işğal olunmuş ərazilərimizdə təcavüzkar Ermənistanın çirkin niyyətli təxribat cəhdlərinin qarşısının şanlı silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə alınması, düşmənə sarsıdıcı zərbələr endirərək, onun böyük sayda canlı qüvvəsini, çoxsaylı texnikasını sıradan çıxarması, stareteji əhəmiyyətə malik yüksəklikləri işğaldan azad edib, mövqelərini möhkəmləndirməsi bütün dünyada yaşayan azərbaycanlılarda tükənməz qürur hissləri oyadıb. Məktublar birinci Qarabağ müharibəsi veteranları, gənclər, hətta qadınlar tərəfindən yazılıb və onların hər biri Vətənimizin bütövlüyü uğrunda hər an canlarından keçməyə, bu yolda Ali Baş Komandanla bir yerdə olmağa hazır olduqlarını vurğulayıblar.
O cümlədən, xarici ölkələrdə yaşayan soydaşlarımız da cəbhədə işğal altında qalan ərazilərimizin bir hissəsinin silahlı qüvvələrimizin nəzarəti altında keçməsindən fərəhlənərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız Cənab İlham Əliyevə yüzlərlə məktub ünvanlayıblar. Ünvanlanan məktublar Azərbaycanın bütün bölgələrindən, eyni zamanda qardaş Türkiyədən, İraqdan, Rusiyadan, Belorusdan, Ukraynadan, Litvadan, Almaniyadan yazılıb və bu məktublardakı mənaların hər biri eyni faktora əsaslanıb - CƏNAB PREZİDENT, SİZİNLƏYİK!!!
Həmin məktubların bəzilərini dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
Ağdamdan yazan Eldar Bəhramov qeyd edir: "Cənab Ali Baş Komandan! İlk öncə, Sizə öz minnətdarlığımı bildirirəm. Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürəkaçan uğuruna sevinirəm və ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də, öz növbəmdə bir azərbaycanlı və bir qarabağlı kimi döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də tam hazıram. Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram. Cənab Ali Baş Komandan, yaxşı ki, varsınız və Siz ordumuza ruh yüksəkliyi verirsiniz. İnşallah, Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl vətənimin belə gözəl əsgəri və əsgərimin başında belə qeyrətli Ali Baş Komandan var. Bir daha Sizə təşəkkürümü bildirirəm, şəhitlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin, yaralılara da Allahdan şəfa diləyirəm".
Şamaxıdan İlqar Allahverdiyev isə yazır ki, o da könüllü olaraq orduya yazılmaq istəyir: "Hörmətli Cənab Prezident! Neçə gündür döyüşlər gedir. Mən də könüllü olaraq torpaqlarımız uğrunda döyüşə getməyə, vətən uğrunda vuruşmağa, düşməndən qisas almağa hazıram. Bu amal hər bir vətənpərvər insan üçün bu gün əsas olmalıdır. Əmrinizi gözləyirəm".
Ağcabədidən Sahib Məmmədov yazır: "Hörmətli Cənab Prezident!
Döyüşə getməyimə və vətənimə qulluq edib onun uğrunda döyüşməyimə, yeri gəlsə, canımı verməyə hazır olduğumu bildirirəm. Vətən bizim üçün müqəddəsdir. Onu qorumaq və uğrunda vuruşmaq yüksək bir hissdir. Biz Sizə - Ali Baş Komandanımıza güvənir və Sizin komandanlığınız altında torpaqlarınızın azad ediləcəyinə inanırıq.
Naxçıvanın Şahbuz şəhərindən Ədalət Rüstəm isə qeyd edir ki, o, Qarabağ münaqişəsinin iştirakçısıdır: "Bilavasitə, Azərbaycan Tibb Universitetinin auditoriyasından cəbhəyə getdim, bir ilə qədər döyüş bölgələrində könüllü xidmət etdim, gənc cərrah kimi yaralı əsgərlərimizin sağlamlığının keşiyində durdum. 22 ildir ki, Milli Ordumuzun, şanlı silahlı qüvvələrimizin güclənməsi, nizamlı, qüdrətli strukturlara, ən yeni hərbi-texnoloji silah-sursatlara, modern hərbi vasitələrə malik olacağını arzulamış və gözləmişəm. Həmin gün artıq yetişmişdir. Ən əsası nizamlı Milli Ordumuz Sizin birbaşa və məqsədyönlü siyasətiniz hesabına həmin səviyyəyə çatmış, inkişaf etmiş və aparıcı ölkələrin silahlı qüvvələri ilə yanaşı durmaq qüdrətinə yüksəlmişdir. Sülhməramlı qüvvələrin, antiterror koalisiyaların tərkibində Ordumuzun ayrı-ayrı hissələrinin uğurlu iştirakı, Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələri sübutlarıdır. Belə ordunun tərkibində, heç olmasa yanında olmağı, cərrahi təcrübəmi hərbi hospitallarda tətbiq etmək üçün Ali Baş Komandanımızın əmrini gözləyirəm".
Zabit Hacıyev adlı soydaşımız Ağstafa rayonundan yazaraq bildirir ki, o, Qarabağ müharibəsinin veteranıdır və könüllü olaraq ordu sıralarına yazılıb, işğalda olan ərazilərimizin düşmən tapdağından azad olunmasını istəyir: "Keçmiş Qarabağ döyüşçüsü, ikinci qrup Qarabağ qazisi olaraq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yenidən orduda xidmət etməyi, işğal altındakı torpaqlarımız uğrunda hər zaman vuruşmağa, canımı bu Vətənə qurban verməyə hazıram. Döyüş əmri versəniz, canla-başla gedərik.
Qardaş Türkiyənin Mersin şəhərindən Vahid Volkan Sevinc yazır: "Hörmətli rəhbərimiz və Prezidentimiz! Mən Türkiyədən bir qardaşınız olaraq, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmasında, Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması ilə bağlı aparılan əməliyyatlarda iştirak etmək üçün hazır olduğumu bildirmək istəyirəm. Canımız Qarabağa fəda olsun. Biz türklər canımızdan keçər, ancaq əcdadlarımızın yadigarı olan Vətənimizin bir qarışını düşmənə vermərik".
Laçın rayonundan olan məcburi köşkün Elxan Aslanov isə öz məktubunda bildirib: "Hörmətli Prezident, Ali Baş Komandan! Sizin qarşınızda baş əyirəm, Sizinlə fəxr edirəm. Bu gün Azərbaycanın güclü və qüdrətli ordusu var. Azərbaycanımızın Sizin kimi Prezidenti var. Cənab Prezident mən Laçın rayon sakini və ehtiyatda olan əsgər Elxan Əhməd oğlu Aslanov 1978-ci ildə Laçın rayonunda dünyaya gəlmişəm. 1992-ci ildən məcburi köçkünəm. 1998-ci ildə Naxçıvan şəhərindəki hərbi hissədə xidmət etmişəm. 2000-ci ildən ehtiyata buraxılmışam. Ehtiyatdakı əsgər kimi Sizin əmrinizi gözləyirəm. Hər an vətənim Azərbaycanım, Ali Baş Komandanım, xalqım üçün döyüşməyə hazıram. Bu gün iradəli Ali Baş Komandanımız və güclü Ordumuz var. Yaşasın Azərbaycan! Bu məsuliyyətli və ağır işdə uğurlar arzulayıram. Allah Cənab Prezidentimizi, xalqımızı və ordumuzu qorusun!"
Füzulidən Qəhrəman Hüseynov isə qeyd edir: "Hörmətli Prezident!
Bu gün Siz Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirik və ön cəbhəyə döyüşlərə getmək üçün Sizin əmrinizi gözləyirik. Bu qətiyyətlə, bu inamla biz qalib gələcəyik. Ulu Tanrı köməyiniz olsun".
Almaniyanın Lauingen şəhərində məskunlaşmış soydaşımız, elmi işçi Zeynalov Fərrux Calal oğlu isə qeyd edir ki, o, Almaniyada yaşamasına rəğmən, hər an ürəyi Azərbaycanla döyünür: "Cənab Ali Baş Komandan!
Mən Almaniyada yaşayıram və ölkədə gedən prosesləri izləyirəm. Hərbi xidmətimi 2010-cu ildə xüsusi təyinatlı batalyonda başa vurmuşam. Sizin qorxmazlığınız və mərdliyiniz bizə ruh verir, lazım olarsa Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram. Xahiş edirəm, bizə imkan verin alını açıq, başı dik gəzək. Qarabağsız bunu etmək olmur. Allah Sizi gorusun. Sizin bir əmriniz yetər gənclərin silaha sarılması üçün".
Rusiyanın Novokuznetsk şəhərindən Əzimov Anar Səxavət oğlu ürək sözlərini belə ifadə edib: "Cənab Ali Baş Komandan! Əvvəla, Sizi bəzi kəndlərimizin işğaldan azad olunması münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə Allahdan səbr diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Mən çox istəyirəm ki, şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etmişdir və etməkdədir. Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm".
Şamaxı rayonundan olan Allahverdiyev İlqar Ağəli oğlu isə yazır ki, neçə gündür döyüşlər gedir: "Mən də könüllü olaraq torpaqlarımız uğrunda döyüşə getməyə, vətən uğrunda vuruşmağa, düşməndən qisas almağa hazıram. Bu amal hər bir vətənpərvər insan üçün bu gün əsas olmalıdır. Əmrinizi gözləyirəm".
Cavid Nəsirli adlı soydaşımız Rusiyanın Sankt-Peterburq şəhərindən yazır: "Hörmətli Prezident! Cəbhədəki uğurlu addımlara görə Sizi təbrik edirəm! Mən Rusiyada Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından səfərbərlik elan etməyinizi, Vətənimiz, üçrəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmaq istədiyimizi bildiririk. Bu həmrəyliyin qarşısında düşmən dayana bilməz".
Fatih Tümay adlı türkiyəli qardaşımız isə Şanlıurfadan yazır: "Hörmətli Prezident! Mən Türkiyədə yaşayıram. Adım Fatih Tümaydır. Mən azəri qardaşlarımı çox sevirəm. Allah Sizə güc-qüvvət versin. Şəhadətimizi qəbul etsin. Ermənilərə qarşı mən də Sizinlə bir olub, işğal olunmuş torpaqları azad etmək istərdim. Biz türk birliyinə inanırıq. İmkanım olanda Azərbaycana gəlib Sizləri ziyarət etmək, Mübariz İbrahimovun qəbrinə dualar oxumaq istəyirəm. Allah bizi bir dövlət, bir millət kimi qorusun. Sizlər üçün canımı verməyə hazıram. Allah əmanətində".
Aydın Rəhimov Bakıdan, Zəminə Cəfərova Sumqayıtdan, Barbaros Erduran, İstanbuldan, Elmir Misirzadə Ukraynanın Xarkov şəhərindən, Serhat Bağışdan Ərzurumdan, Mehparə Məmmədova Bakıdan, Xalid Axverdiyev Rusiyanın Smolensk şəhərindən Prezident İlham Əliyev Cənablarına xitabən yazırlar ki, bu məktubları Ona göndərməkdə bir məqsədləri var: "Biz sizinləyik və əmrinizi gözləyirik. Vətən uğrunda can verməyə hazırıq!".
Naxşıvandan Anar Naibov isə qeyd edir: "Son günlər cəbhədə baş verən hadisələr və hərbiçilərimizin qələbələri bizi sevindirir. Qüdrətli ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçiririk. Biz özümüz cəbhədə olmasaq da, ürəyimiz oradadır. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda vuruşmaq üçün Sizin əmrinizi gözləyirik".
Mahir Həmzəyev adlı soydaşımız Litva Respublikasının Vilnüs şəhərindən yazır: " Zati-aliləri Cənab Prezident İlham Əliyev! Litva Azərbaycanlıları Cəmiyyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımları birmənalı dəstəkləyir və ordumuzun irəliləməsini alqışlayır. Ordumuza uğurlar arzulayır və bildiririk ki, istər döyüş əməliyyatlarında iştirak etməyə, istərsə də təbliğat və informasiya qovğasında ordumuza Baltik ölkələrində hər cür dəstək verməyə, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq. Azərbaycan diasporunu, xaricdə yaşayan bütün həmvətənləri bu məsuliyyətli və həlledici tarixi mərhələdə Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməyə, Ordu və onun Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşməyə çağırırıq".
Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusu ilə təmas xəttində baş verən döyüş qarşıdurması zamanı verdiyimiz itkilərlə bağlı xalqımızın yaşadığı acını ürəkdən bölüşürük. Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə, yaxınlarına, həmçinin Zati-aliləri Sizə və bütün Azərbaycan xalqına Litva azərbaycanlıları adından dərin hüznlə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və yaralılara şəfa arzu edirik. Vətən sağ olsun! Haqq işi uğrunda mübarizədə tarixi vətənimiz Azərbaycana qələbələr arzu edirik".
Almaniyanın Köln şəhərindən Menderes Çağlayandan adlı tüksoylu qardaşımız isə vurğulayır ki, ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir: "Möhtərəm Prezident, Cənab Ali Baş Komandan İlham Əliyev! Mən Almaniyada yaşayan türkəm. Ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir. Qardaş Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm. Qardaş ölkənin torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Bunu Siz edəcəksiniz. Sizə uğurlar olsun. Sizi çox sevirik".
Prezident və Ali Baş Komandanımıza İraq Türkmənləri Cəbhəsinin rəhbəri, Kərkükün deputatı Ərşət Salihi Bağdad, Bağdaddan yazır: "Hörmətli Prezident İlham Əliyev! Biz İraq türkmənləri Azərbaycan xalqının yanındayıq. Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.
Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər Xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu, birliyi, bərabərliyi".
Belarusun Jlobin şəhərindən olan soydaşımız Seymur Babayev isə qeyd edir ki, o, Vətənindən uzaq olsa da könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək arzusundadır: "Mən Vətəndən uzaqda yaşayıram. Könüllü olmaq və ölkəmi müdafiə etmək istəyirəm. Könüllü kimi mənim namizədliyimi nəzərdən keçirməyi xahiş edirəm, çünki Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək mənim üçün böyük şərəfdir!".
Zaqataladan olan vətəndaşımız Əliyev Rahim Əmrullah oğlu isə ölkə başçısına ünvanladığı məktubunda bildirir ki, Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almaq və ona layiqli cavab vermək gücünə malikdir: "Möhtərəm Prezident! Ötən günlərdə cəbhədə baş verən döyüşlərdə şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Mən fəxr edirəm ki, Sizin yürütdüyünüz siyasət nəticəsində güclənən Azərbaycan Ordusu düşmənə layiqincə cavab verdi. Bu, atəşkəsdən sonra Azərbaycan Ordusunun düşmən üzərində çox qüdrətli qələbəsidir. Ermənistan bilməlidir ki, Azərbaycanın müdrik Ali Baş Komandanı var, Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almaq və ona layiqli cavab vermək gücünə malikdir. Mən bir azərbaycanlı olaraq buna görə fəxr edirəm.
Cənab Prezident, Sizə Allahdan uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram".
Göründüyü kimi, artıq dünyanın dörd bir yanından Azərbaycanın haqq-ədalət səsini dəstəkləyən yüzlərlə bəyanatlar, məktublar, müraciətlər daxil olmaqdadır. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə ünvanlanan məktublardakı güclü, tükənməz vətənpərvərlik hisslərinin nümayişi, hər bir soydaşımızın, hətta xarici ölkə vətəndaşlarının belə dövlət başçımızın ətrafında birləşərək, Qarabağımızı erməni işğalından azad edilməsi istiqaməətində külüngü bir yerə vurması, həqiqətən də sonsuz qürur və inam hisslərimizi artırır, bizlərə qələbənin çox yaxında olduğunu müjdələyir. Əlbəttə ki, qələbəyə doğru gedən yolda BİZ SİZİNLƏYİK, CƏNAB ALİ BAŞ KOMANDANIMIZ!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB