Görkəmli türk yazıçısı və şairi Mithat Camal Kuntayın müəllifi olduğu bu sətirlər Vətənə, torpağa verilən bəlkə də ən böyük qiymətdir. Bəli, doğurdan da sözdə Vətəni sevmək yox, Vətənin azadlığı yolunda canından keçməyi bacarmaq, buna qəlbən hazır olmaq lazımdır...
Bu günlər bütün dünya AZƏRBAYCAN adlanan məmləkətə və onun xalqına heyrət edir. Heyrət edir ona görə ki, bu xalq, bu millət bir olanda, onun qarşısında heş bir güc tab gətirmək iqtidarında deyil. Aprelin ilk dörd günündə cəbhədə mənfur və qorxaq düşmənin təxribatları nəticəsində baş verən məlum olaylardan sonra bu amil növbəti dəfə özünü təsdiq etmiş oldu. Azad edilən ərazilərimiz, hələlik işğal altındakı torpaqlarımızın faiz etibarilə çox cüzi hissəsini (iki kənd və bir neçə strateji yüksəkliklər) təşkil etsə də, fakt budur ki, məhz işğalçı ölkə əgər hərbi əməliyyatların dayandırılmasını dünya birliyi qarşısında diz çökərək, yalvarmasaydılar, bu gün Azərbaycan bayrağı düşmənin işğalı altında olan digər əhəmiyyətli məntəqələrində o cümlədən Xankəndində dalğalanacaqdı. Xalqımız buna əmindir!
Düşmən itki verdikcə, oğul və qızlarımız daha da qürurlanır, ərazilərimiz murdarlardan təmziləndikcə, hər kəs döyüşə atılmaq istəyirdi, cavanlı-qocalı, qızlı-oğlanlı… hər kəs!
Onlar Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə etdilər
Bu, həm də bir reallıq idi. Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, ümumiyyətlə, uzun illərdən bəri davam edən inkişafın reallığı və nəticəsi. Əgər bu gün qələbə əldə olunursa, hər bir qələbənin arxasında AZƏRBAYCAN TƏRƏQQİSİ dayanır. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin təməlində dayanan və ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən davam etdirilən, yaşadılan TƏRƏQQİNİN MƏNTİQİ NƏTİCƏSİDİR!
Bu müharibədə ermənilərin quduzlaşmış çaqqal sürülərini dəf etmək üçün müqəddəs şəhidlik zirvəsinə çatanlarımız da oldu. Onlar Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə etdilər. Bu sürünü cəhənnəmə vasil etməklə. Ümumiyyətlə, bizim istər bu savaşda, istərsə də birinci Qarabağ müharibəsi dövründə yüzlərlə belə oğul-qızlarımız var.
Ermənistanın işğalçı rejimi artıq hər şeyin itirildiyinin fərqinə varıblar
Erməni mənfurları Azərbaycan Ordusunun gücünün qarşısında tab gətirə bilmədiklərini, artıq dərk edirlər. Ona görə də ATƏT, BMT və Avropa Şurası kimi təşkilatların, xarici dövlət başçılarının qapıları ağzında yatıb-qalırlar. Sarkisyan indi dizinə döyür və dərk edir ki, bütün rıçaqlarını itirir. Bəli, ermənilər başda işğalçı rəhbərliyi olmaqla uduzur, sadə erməni xalqı mənasız müharibədə itirdikləri övladlarını istər Sarkisyandan, istərsə də ondan öncəki rəhbərlərdən geri istəyir. Amma çifayda. İtirilənlər itirilib, bundan sonra da itiriləcək. Nə qədər ki, ermənilər ərazilərimizi işğal altında saxlayacaqlar, onların övladları Sarkisyan rejiminin güdazına gedəcək, işğalçı dövlət kimi dünyanın bir çox dövlət və təşkilatları tərəfindən rədd ediləcəklər. Biz, bunu iki gündə aparılan danışıqlarda da görməkdəyik. Sarkisyanın Almaniya səfərində bu ölkənin kansleri Merkelin Azərbaycanın ərazi bütövlüyünü tanıması, ABŞ diplomatı Uorlikin Azərbacanı Qarabağsız təsəvvür etməməsini dilə gətirməsi, Rusiyanın da bu istiqamətdə mövqeyində dəyişikliklər etməsi, Türkiyənin, Belarusun, Pakistanın, İsrailin, Ukraynanın və s. Ölkələrin, bilavasitə Azrərbaycanın ərazi bütövlüyü barədə rəsmi bəyanatlar verməsi özü-özlüyündə hər şeyi demiş olur. Ermənistanın işğalçı rejimi artıq hər şeyin itirildiyinin fərqinə varıblar. Çox tezliklə Qarabağın işğal olunmuş əraziləri geriyə qaytarılacaq!
Vətənimizin hər bir nümayəndəsi bunu bilir ki, insan ürəksiz yaşaya bilmədiyi kimi, Qarabağsız da Azərbaycan ola bilməz!
Damarlarında azərbaycanlı qanı axan hər bir kəs yaxşı bilməlidir ki, bu millət ölər, ancaq Vətənsiz yaşaya bilməz. Çünki biz igidliyi ilə ad qazanmış Mete xaqanın, bütün Avropanı lərzəyə salan Atillanın, ərəb imperiyasını silkələyən Babəkin, qüdrətli imperiya yaratmış Şah İsmayıl Xətainin və adlarını çəkmədiyim neçə-neçə igid fatehlərin övladlarıyıq!
Bu gün torpaqlarımızın bir hissəsi işğal altında ola bilər, minlərlə soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşə bilər, lakin bu, çox çəkməyəcək. Artıq üçrəngli müqəddəs bayrağımız Lələtəpədə və s. geriyə aldığımız yüksəkliklərimizdə dalğalanaraq, erməni işğalçılarının gözlərini kor edir! Artıq bu bayrağın Şuşada, Xankəndidə yenidən dalğalanacağına kimsə şübhə etmir. Çünki Qarabağ məsələsi bizim üçün ya olum, ya da ölüm məsələsidir. Biz bunu vətənpərvər gənclərimizin, yaşlı nəsil nümayəndələrimizin bayraqlara bürünərək, yüz minlik kütlələrlə küçələrə axışıb, ŞƏHİLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! YA VƏTƏN, YA KƏFƏN! YA QARABAĞ, YA ÖLÜM! Şüarlarında gördük, şəhidlərimizin qürurla VƏTƏN SAĞ OLSUN! hayqıran ata-analarında gördük!!!
Çünki dərk edilən də budur - Vətənimizin hər bir nümayəndəsi bunu bilir ki, insan ürəksiz yaşaya bilmədiyi kimi, Qarabağsız da Azərbaycan ola bilməz. Haqq yolunda qalib gəlmək, tökülən qanların qisasını almaq üçün yumruq kimi birləşməli, qədim türk daş kitabələrində deyildiyi kimi, özümüzə qayıtmalıyıq. Bizlər özümüzə qayıtdığımızda çox böyük oluruq!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB