İşğalçı Ermənistan Ordumuzun qarşısında diz çökdü

Arzu Nağıyev: "Hərbi əməliyyatlar dayandırılması müvəqqətidir"

Ərəstun Oruclu: "Azərbaycan öz suveren hüquqlarından istifadə edərək hərbi əməliyyatları apardı"

Cəbhə xəttində Azərbaycan Ordusunun işğalçı Ermənistanın mövqelərinə sarsıdıcı zərbələr vurdu, nəticədə düşmən yüzlərlə itki verdi, yüzlərlə erməni zabit və əsgəri yaralandı, düşmənin xeyli sayda texnikası sıradan çıxarıldı. Azərbaycan Ordusu çox mühüm strateji yüksəklikləri ələ keçirdi və bununla da qoşunların təmas xəttində reallıq dəyişdi. Siyasi şərhçi Arzu Nağıyev SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etmək və Azərbaycan torpaqlarını erməni hərbi birləşmələrindən azad etmək üçün yüksək peşəkarlıqla hərbi əməliyyatlar keçirdi: "Daha doğrusu, bu, ermənilərin Azərbaycanın təmas xəttində yaşayan dinc sakinləri müxtəlif silahlardan atəşə məruz qoyduqdan sonra cavab tədbirləri idi. Bu əməliyyatla ermənilərin özləri və hərbi birləşmələri haqqında yaratdıqları mif məhv edildi. Bir sıra strateji əhəmiyyətli məntəqələr ermənilərdən azad edildi və burada Azərbaycan Ordusu möhkəmləndi. Beynəlxalq ictimaiyyətin, Qərbin və təbii ki, Rusiyanın müraciətinə əsasən, atəşkəs elan olundu. Yəni atəşkəsə ermənilərin riayət etməməsinə baxmayaraq, Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırdı. Təbii ki, bu, baş verməsə idi, Azərbaycan tərəfi beynəlxalq təşkilatların qınağına tuş gələrdi və tənqid hədəfinə çevrilərdi. Eyni zamanda, Azərbaycan tərəfi öz prinsiplərinə sadiqdir və ərazi bütövlüyümüzün təmin edilməsi üçün bütün beynəlxalq normalarla nəzərdə tutulmuş vasitələrdən istifadə edəcəkdir".

Politoloq Ərəstun Oruclu isə açıqlamasında bildirib ki, Azərbaycan erməni təxribatlarına layiqincə cavab verdi: "Atəşkəsi pozan tərəf Ermənistandır. Nəticədə, Azərbaycan işğalçı dövləti yerində oturtmalı oldu. Düşmən tərəf böyük itkilər verdi, bəzi əraziləri də işğaldan azad etdik. Fikir verdinizsə, heç bir dövlət və beynəlxalq təşkilat Azərbyacana qarşı təpki göstərmədi. Çünki Azərbaycan öz suveren hüquqlarından istifadə edərək hərbi əməliyyatları apardı. Qərb tam təmkin nümayiş etdirdi. Düzdür, şəhidlər verdik, yaralılarımız oldu. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bu müharibədir, müharibədə itkilər olur. Əsas odur ki, Azərbaycan öz suveren hüquqlarından istifadə etdi. Əgər hərbi əməliyyatlar aylarla, uzun müddət davam etsə idi, təbbi ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatların və dövlətlərin qınağına tuş gələcəkdi".

Samir

Bütün xəbərlər Facebook səhifəmizdə