Cəbhə bölgəsində erməni silahlı birləşmələrinin təxribat əməllərinə, təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərin intensiv olaraq tanklardan, toplardan və digər artilleriya qurğularından atəşə tutulmasına baxmayaraq, Füzuli rayonunda əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir. Düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən Azərbaycan ordusunun cəbhənin bütün istiqamətlərindəki uğurları füzulililərin qəlbini qürur hissi ilə doldurub.
Füzuli Rayon İcra Hakimiyyətindən bildiriblər ki, cəbhə xətti boyunca yerləşən Alıxanlı, Şükürbəyli, Mirzənağılı, Qazaxlar kəndlərinin sakinləri gündəlik təsərrüfat işləri ilə məşğul olur, öz məişət qayğılarını həll edirlər. Bu rahatlıq isə Azərbaycan dövlətinə və onun qüdrətli ordusuna inamdan irəli gəlir.
Hazırda Füzuli rayonunda əhali arasında yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, ordu-xalq birliyi hökm sürür. Rayonun gəncləri, müharibə veteranları Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini, hər an döyüşə atılmağa hazır olduqlarını bildirirlər.
Düşmənlə təmas xəttində yerləşən kəndlərin sakinləri - Telman Səmədov, Bayandur Şirinov, Camal Quliyev və başqaları son günlər cəbhə xəttində baş verənlərdən qorxmadıqlarını, ordumuza inandıqlarını, güvəndiklərini bildirirlər. Rayon sakinləri qeyd edirlər ki, ermənilərin dinc sakinləri hədəf seçməsi onların qorxaqlığını, acizliyini göstərir. Füzulililər inanırlar ki, işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB