"Qanunu biz başa düşmürüksə, sahibkarları necə başa salacağıq?"

"Qanunu biz başa düşmürüksə, sahibkarları necə başa salacağıq?"

"2012-ci ildən başlayaraq bu qanun layihəsi üzərində iş gedir. Amma hansı iş gedir? Tək bir qurumla iş alınmaz. Burada nəyə istinad edilir?". SİA-nın xəbərinə görə, bunu Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə 2012-ci ildə imzaladığı fərmanında Nazirlər Kabinetinə "Gömrük tarifi haqqında qanunun 6.5-ci maddəsinə uyğun olaraq xüsusi, andidepminq və kompensasiya rüsumlarının formalaşdırılması və tətbiqi qaydasını tənzimləyən müvafiq qanun layihəsi hazırlayıb Azərbaycan respublikası prezidentinə təqdim etmək tapşırılıb: "Bu qanunun adında isə xüsusi rüsum adı yoxdur. 2012-ci ildən başlayaraq 2015-ci il də daxil olmaqla, komitə rəhbərliyi adından dəfələrlərlə, təkcə 2014-cü ildə 14 rəy yazmışıq. Bu rəy nəzərə alınmır. Səbəb yoxdur. Bir işçi qaydasında buna baxılmır. Bilirsiniz, dempinqli rüsumların tətbiqi bütün ölkələrdə var. Amma baxaq görək, bu dempinqə məruz qalan məhsullar hansılardır? Bunun araşdırılması, mexanizmi necə aparılacaq? Mən illərlə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə bərabər iqtisadiyyat blokuna daxil olan qanunların müakirəsində iştirak etmişəm. Bu qanunu mən dəfələrlə oxumuşam. Qanun başadüşülən deyil. Çox qəliz yazılıb, təkrarlar çoxdur. Bu gün elə dövrdür ki, xarici iqtisadi fəaliyyət iştirakçıları, rezident və qeyri-rezidentlər Azərbaycan qanunvericiliyi ilə maraqlanır və öyrənmək istəyirlər. Rezident burada yerli istehsalla bağlı müəssisəni yaradırsa, o, bu qanunu necə başa düşəcək?".

İdarə rəisi söyləyib ki, qanunun hazırlanmasında digər qanunvericiliklərdən istifadə eləmək lazımdır: "Amma digər dövlətin qanunu bura tərcümə edib, yazmaq olmaz. Bir-birini inkar edən misallar var. Burada əsas anlayışlarda gömrük kvotası, antidempinq rüsumlarının hamısının tərifi verilib. Necə ola bilər ki, Azərbaycanda gömrük tarifi haqqında qanun qüvvədədir, işləyir, amma yeni qanun layihəsində başqa bir formatda verilib? Hər hansı qonşu dövlətin qanunundan götürülüb, tərcümə edilib. Bu yolverilməzdir. Sabah sahibkarlarımız bundan çox əziyyət çəkəcək, başa düşməyəcəklər. Qanunu biz başa düşmürüksə, Appelyasiya Şurasına müraciət edən sahibkarları necə başa salacağıq?".

M.Vahabov əlavə edib ki, yeni qanun layihəsində antidempinq tədbirləri ilə bağlı araşdrıma orqanının fəaliyyəti konkret göstərilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə