Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) işğalçı erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin və mülki şəxslərin xatirəsini yad etmək və ordumuza dəstək nümayiş etdirmək məqsədilə geniş tədbir keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından SİA-ya verilən məlumata görə, tədbiri AHİK sədri, millət vəkili Səttar Mehbalıyev açıb. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AHİK sədri son günlər cəbhə bölgəsində yaşanan vəziyyətlə əlaqədar ətraflı məlumat verib. O, bildirib ki, mənfur qonşularımız Azərbaycanın kəndlərini, yaşayış məntəqələrini irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə zərbələr endirirdilər:"Son bir neçə gündə onlar daha da azğınlaşmışdılar. Ordumuz isə bu hücumlara qarşı əks tədbirlər görərək onların strateji mövqelərini darmadağın edib. Əlbəttə, döyüşlər nəticəsində hər iki tərəfdən çoxlu sayda insan itkisi var. Lakin Ermənistan ordusunun verdiyi tələfat daha çoxdur. İstehkamları, tankları, hərbi texnikaları darmadağın edilib. Şanlı ordumuzun əsgərləri onlara layiqli cavab veriblər. Onlar öz şücaətləri ilə Azərbaycan Ordusunun nəyə qadir olduğunu azğın düşmənə göstərdilər. Hər zaman danışıqlar prosesindən qaçan ermənilər indi yalvarırlar ki, gəlin atəşkəs elan edək, münaqişəni dinc yolla həll edək. Məlumdur ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri ölkəmizdə səfərdədir. Ölkə başçısı ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub".
AHİK sədri həmçinin qeyd edib ki, Azərbaycan ordusu cəbhə zonasında bir sıra yüksəklikləri ələ keçirib: "Bu yüksəkliklər vasitəsilə Dağlıq Qarabağın istənilən nöqtəsinə zərbələr endirmək mümkündür. Həmçinin bu, həmin mövqelərdir ki, erməni silahlıları buradan bizim mülki obyektlərimizi, kəndlərimizi, əhalini, hərbi birləşmələrimizi ardıcıl olaraq atəşə tuturdular. İndi həmin yüksəkliklərə Azərbaycan hərbçiləri nəzarət edəcəklər. Azərbaycan ordusu möhkəmlənib, çox güclüdür, qüdrətlidir. Bunu artıq Ermənistan hərbçiləri də etiraf edir. Ermənistan rəhbərliyi verdikləri itkiləri öz əhalisindən gizlədir. Bunu tədricən açıqlayır. Çünki bilir ki, verəcəyi məlumatlar geniş etiraza səbəb olacaq, kütləvi narazılıq yaranacaq və erməni xalqı bunun səbəbini soruşacaq. Ordumuzun döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev yaralı əsgərlərimizi ziyarət edərkən onlar ölkə başçısına bir daha bildiriblər ki, sağalan kimi cəbhə xəttinə qayıdaraq vətənin keşiyində durmağa hazırdırlar. Bu bizim insanlarımızın mübarizliyindən xəbər verir. Cəbhədə döyüşlər getdiyi ərəfədə minlərlə gənc könüllü kimi orduya getmək istədiklərini bildirdilər. Xalqımız tərəfindən müxtəlif dəstək aksiyaları keçirildi. Eyni zamanda ölkəmizə beynəlxalq birlik tərəfindən də dəstək nümayiş olundu. Xaricdə yaşayan soydaşlarımız müxtəlif tipli aksiyalar keçirdilər. Əlbəttə, bütün bunların hamısı dövlətimizin apardığı uğurlu xarici və daxili siyasətin nəticəsidir. Ordu quruculuğuna, müasir silah-sursat və texnikanın alınmasına sərf edilən vəsait öz bəhrəsini verdi. Qabaqcıl döyüş mövqeyinə malik olan silahlı qüvvələrimiz düşmənin layiqli cavabını verdilər".
S.Mehbalıyev daha sonra bildirib ki, mövqeyindən asılı olmayaraq hər bir ictimai təşkilat ordumuza dəstək verməlidir: "Cəbhədə şəhid olan və yaralanan hər bir əsgər ailəsinə həm mənəvi, həm maddi yardım göstərilməlidir, köməklik edilməlidir. Biz də Azərbaycan Həmkarlar İttifaqları olaraq öz imkanlarımız daxilində köməklik göstərməyə çalışacağıq və buna hazırıq. Məlumdur ki, AHİK Qarabağ döyüşçülərinə, əlillərinə, şəhid ailələrinə həmişə diqqət və qayğı göstərib. Bu bizim müqəddəs borcumuzdur. Onlar bizim ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak ediblər, canlarını sipər ediblər, sağlamlıqlarını itiriblər. Həm bayramlar ərəfəsində, həm də edilən müraciətə əsasən onlara lazımi köməklik göstərilir. Düşünürəm ki, bu düzgün qərardır. AHİK olaraq şəhid olanların və yaralananların ailələrinə hər bir köməklik göstərilməsinə hazırıq. Bizim tərəfimizdən qərar hazırlanıb və vəsait ayrılması nəzərdə tutulub. Həm AHİK-in üzv təşkilatları, həm də sahə təşkilatlarımız mərasimlərdə iştirak edəcək, gərəkən yardımlar göstərəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, danışıqlardan qaçan Ermənistan rəhbərliyi Azərbaycan ordusunun gücünü gördükdən sonra danışıqların aparılmasına razılıq veriblər. Əlbəttə, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bir qarış torpağımızı da güzəştə getməyəcəyik. Əlbəttə, biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin məsələ sülh yolu ilə həllini tapmasa, Azərbaycan Ordusu bir daha öz qüdrətini nümayiş etdirərək düşməni məhv edib torpaqlarımızı işğaldan azad edəcək. Biz hamımız buna inanırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB