Ordumuzun cavabı dağıdıcı oldu

Ermənilər atəşkəsi pozdu

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.

Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.
Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün daha əvvəl də atəşkəsi pozub. Belə ki, Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.

Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur. Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki cavab atəşi açmır.

Bütün xəbərlər Facebook səhifəmizdə