Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən, "Azərbaycan Dəmir Yolları" QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır.
Dünyanın indiki iqtisadi mənzərəsində kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulur. Bu ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burda bir deyil, iki baza fəaliyyət göstərəcək. Mart ayının ikinci yarısında köhnə bazanın yenidənqurulması tamamlanıb və ikinci bazanın tikintisinə başlanılıb.
5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin baş direktoru Rizvan Rzayev bildirib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü çalışır.
Hazırda bazada müxtəlif fasilələrlə 4 ədəd çatılı kran fəaliyyət göstərir. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun yaxından köməyi ilə daha 2 ədəd yeni çatılı kran alınıb.
Səngəçal istehsalat bazalarının ərazisində yolların yenilənməsi bir ay ərzində tam yekunlaşacaq, may ayında yeni inzibati binanın və texnikalar üçün nəzərdə tutulan anqarın tikintisinə başlanacaq.
Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub. Sovet sənayeləşməsinin ilkin dövrlərinə təsadüf edən Yol-Maşın Stansiyalarının (PMS) formalaşması, əsasən, dəmir yollarının əsaslı təmirinə hesablanıb və bu günə qədər həmin məqsədə xidmət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə