Qarsdakı baş konsulluğumuzda izdiham

Türkiyə ictimaiyyətinin nümayəndələri xalqımızla həmrəylik nümayiş etdirirlər

Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən son günlər Azərbaycana qarşı törədilmiş növbəti silahlı təxribat nəticəsində həlak olan hərbçilərə və mülki şəxslərə görə başsağlığı vermək, o cümlədən xalqımızla həmrəylik nümayiş etdirmək məqsədilə Qars vilayətinin valisi Günay Özdemir, İqdır vilayətinin valisi Davut Haner, Ardahan vilayətinin valisi Ahmet Deniz, Qars şəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta və bələdiyyə məclis üzvləri, Qars vilayətinin Akyaka rayon bələdiyyəsinin sədri Muhammed Toptaş və bələdiyyə nümayəndələri, Qars vilayəti üzrə Fond Bazarının (birja) rəhbəri İsmət Çelik, Qars vilayətində fəaliyyət göstərən "Kars Spor" futbol klubunun həmsədri Alper Tunga və başçılıq etdiyi klubun nümayəndələri, digər təşkilatların təmsilçiləri, o cümlədən sıravi vətəndaşlar aprelin 4-də və 5-də Türkiyənin Qars şəhərindəki baş konsulluğumuza gəliblər.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş qarşıdurmada hərbi qulluqçularımızın və mülki şəxslərin həlak olması ilə bağlı Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verən ziyarətçilər onların əzizlərinə səbir, yaralananlara isə Allahdan şəfa diləyiblər.

Ziyarətə gələn qonaqlara həlak olan şəhidlərimizin işıqlı xatirəsinə göstərdikləri böyük hörmət və ehtirama görə səmimi təşəkkürünü bildirən baş konsul Ayxan Süleymanlı Azərbaycan Ordusunun Ermənistanın növbəti təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb, qoşunların təmas xəttindəki üstünlüklərimiz barədə ətraflı məlumat verib.

Bu məsuliyyətli və acı günlərdə Türkiyənin Azərbaycana verdiyi dəstək və həmrəylik xalqlarımızın əbədiyyətə qədər davam edəcək qardaşlığının təzahürü kimi dəyərləndirilib. Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən qürur duyulduğu ifadə edilib.

Çətin günlərdə Türkiyə KİV-lərinin göstərdiyi dəstək, həmçinin "Kafkas", "İhlas", "Habertürk" və "Haber Ölçek" xəbər agentliklərinin Qars üzrə təmsilçilərinin mövzu ilə bağlı fəaliyyəti yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə